Məişət
zorakılığı
Ölkəmizdə
məişət zorakılığının qarşısının alınması sahəsində bir sıra mühüm qərarlar qəbul
edilmişdir. 2020-ci ilin noyabr ayında qəbul edilmiş “Məişət zorakılığı ilə
mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” gender əsaslı
zorakılıqla mübarizənin daha geniş miqyasda və əsaslı olaraq aparılması üçün
yeni bir mərhələyə keçidi təmin etdi.
Qanunvericiliyin təkminləşdirilməsi yeni
düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına
təkan vermişdir. Lakin bütün bunlara baxmayaraq, hələ də qadınlara qarşı
zorakılıq tam şəkildə aradan qaldırılmayıb. Cəmiyyətdə qadınlara qarşı
zorakılıq əsas insan hüquq və azadlıqlarının pozulması kimi qəbul edilir.
Təəssüflər olsun ki, hazırda bütün
dünyada hər 3 qadından 1-i həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz
qalır. Hər il dünyada zorakılıq
səbəbindən öz partnyorları və qohumları tərəfindən 1200-ə yaxın qadın öldürülür, 2 milyon qadın yaralanır, 4 minə yaxın
qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girir.
Hər bir zorakılıq əməli, o cümlədən, məişət
zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır
fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur.
Qeyd etmək lazımdır ki, məişət
zorakılığı ailədə böyüyən boya başa çatan uşaqların tərbiyəsinə,
psixologiyasına, sağlam düşüncə tərzinin formalaşmasına mənfi təsir göstərir.
Zorakılığın şahidi olmuş körpələrin sağlamlığı ilə yanaşı, davranışında
da problemlər ortaya çıxır, belə körpələr emosional travmadan əziyyət çəkir və
tədris prosesində çətinliklərlə üzləşirlər. Evlərində zorakılığın müşahidə
edilməsi nəticəsində uşaqlar arasında yuxu pozuntusu və qida qəbulu ilə bağlı çətinliklər,
fikri cəmləşdirmək, ümumi narahatçılıq yaşamaq, əyləncəyə marağı itirmək, özünə
qiymət verməmək, həmyaşıdlarından kənar gəzmək və ya uzaqlaşmaq, məktəb mühitində
özünü dikbaş və ədəbsiz aparmaq, təhsildə geriləmək, təhsildən yayınmaq halları
daha çox rast gəlinən ümumi problemlərdir. Uşaqlıq dövründə zorakılığa məruz
qalan və ya zorakılıq şahidi olan uşaqların böyüdükdə zorakılıq törətməyə
meylli olmaları ehtimalı çox yüksəkdir.
Bu da onların gələcəkdə davranışlarında, psixologiyasında özünü biruzə verərək, sağlam düşüncəli insan
kimi formalaşmasına mənfi təsir edir.
“Məişət
zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu - yaxın qohum olan ailə üzvlərinə (ər, arvad,
valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və
bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), birgə yaşadığı
digər qohumlara; nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada;
qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərə, habelə üzərində qəyyumluq
və ya himayəçilik təyin edilmiş şəxslərə; qanuni nikahda olmadan birgə yaşayan
kişi-qadın və onlarla birgə yaşayan yaxın qohumlarına şamil edilir.
Məişət zorakılığı müxtəlif formalarda təzahür edir
– fiziki, cinsi, psixoloji və iqtisadi zorakılıq.
Fiziki zorakılıq
“üzə vurulan sillə”dən tutmuş həyata qəsd etmə və öldürülməyə qədər olan hərəkətləri
əhatə edir. Buraya itələmə, sürükləmə, şillələmə, yumruqlama, təpikləmə, boğma,
silahla təhdid etmə, ev dustağı etmə, əl-qolun bağlanması və ya hərəkətin məhdudlaşdırılması,
təhlükəli yerdə saxlanılma, xəstə və ya yaralı olduqda yardım göstərməkdən
imtina halları daxildir.
Psixoloji zorakılıq təcrid etmək, xəsarət yetirməklə təhdid etmək, hədə-qorxu
gəlmək, sataşmaq, təqib etmək, təhrik etmək, incitmək, ləkələmək, fiziki və
sosial baxımdan təcrid etmək, hədsiz qısqanclıq və tələbkarlıq (sahiblik)
hissi, məhrum etmək, ləyaqətdən salmaq, alçaltmaq, daimi tənqid etmək, uydurma
səbəblərdən təqsirləndirmək, hər məsələyə görə qınamaq, saymamaq, ehtiyaclarını
məsxərəyə qoymaq, yalan söyləmək, sözünə əməl etməmək, etimadı itirmək və s. Həmçinin
qadına qohumları və ya dostları ilə əlaqə saxlamağa icazə verməmək, onu qapalı
qapılar arxasında ev dustağına çevirmək, özbaşına evdən çıxmağı və telefondan
istifadəni qadağan etməkdən və s. bu kimi hallardan ibarətdir.
Yaxın qohumu olan ailə üzvlərinin,
qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin birinin digərini
onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsi məişət zəminində
cinsi zorakılıq adlanır.
İqtisadi
zorakılıq ailə sərvətlərindən istifadə və bu sərvətlərə nəzarət məsələlərində
bərabərsizliyə istinad edir. İqtisadi zorakılıq pul verməmə və ya az məbləğdə
verilən pulun əvəzində yüksək gözləntilərin olması, ailənin gəlir, ehtiyat və
ya xərc məbləğləri ilə bağlı məlumatın verilməməsi, qadının aldığı əmək haqqı və
ya digər gəlirini yararsız hesab etmək, qadına evdən kənar işə icazə verməmək və
ya qadını işləməyə məcbur etmək və s. halları nəzərdə tutur.
Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti
yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və
qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət
zorakılığını törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması
barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə
orderi verilə bilər.
Mühafizə orderi – məişət zorakılığı
törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan
məhdudiyyətlər haqqında aktdır. Məişət
zorakılığından zəzərçəkmiş şəxsə - 30 gün müddətinədək qısamüddətli və 30 gündən 180 gün müddətinə isə uzunmüddətli mühafizə orderi verilə bilər. Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs
verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya icra hakimiyyəti
orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək
hüququna malikdir.
Qeyd
edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Məişət
zorakılığı ilə bağlı Məlumat Bankı yaradılmışdır. Məlumat Bankında baş vermiş məişət
zorakılığı halları, məişət zorakılığı halları ilə bağlı dövlət orqanlarına
müraciət etmiş şəxslər, məişət zorakılığı halları ilə bağlı aparılmış
araşdırmalar və nəticələri, məişət zorakılığı halları ilə əlaqədar məsuliyyətə
cəlb edilmiş şəxslər, məhkəmə qərarları, o cümlədən valideynlik hüquqlarından məhrum
edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, eləcə də
valideynlik hüquqları bərpa edilmiş və ya valideynlik hüquqlarının məhdudlaşdırılması
ləğv edilmiş şəxslər, akkreditə edilmiş yardım mərkəzləri, onların fəaliyyəti
barədə və digər məlumatlar toplanır.
Həmçinin Komitə tərəfindən məişət
zorakılığı halları ilə bağlı yerlərdə vəziyyətin qiymətləndirilməsi,
riskli ailələrin müəyyən
edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin
araşdırılması, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla
təmin edilməsi üçün
bütün yerli icra
hakimiyyətlərində icra başçısının sərəncamı ilə “Gender
zorakılığı və uşaqlara
qarşı zorakılıq üzrə
Monitorinq Qrupları”
yaradılmışdır.
Əgər sizə və yaxınlarınıza qarşı hər hansı
bir zorakılıq halı baş verərsə Hüquq mühafizə orqanlarına, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinə, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana)
, bütün yerli icra
hakimiyyətlərinin “Gender zorakılığı və
uşaqlara qarşı zorakılıq
üzrə Monitorinq Qrupları”na və bu sahədə ixtisaslaşmış Qeyri-Hökumət Təşkilatlarına
müraciət edə bilərsiz.