Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi
üzrə Tədbirlər Planının 3.5.2.1-ci bəndinin icrası məqsədi ilə yerli icra
hakimiyyəti orqanlarında icra başçılarının sərəncamı iləGender zorakılığı və
uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır. Monitorinq
qruplarına yerli icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini sədrlik
edir. Monitorinq qruplarının tərkibi yerli təhsil şöbəsinin, səhiyyə şöbəsinin
(mərkəzi xəstəxana), polis şöbəsinin, prokurorluğun, sosial müdafiə mərkəzinin
və rayon qeydiyyat şöbəsinin rəhbər vəzifəli əməkdaşlarından ibarətdir.
Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi kimi funksiyaları həyata keçirir. BMT, Avropa Şurası, Avropa İttifaqı və sair beynəlxalq təşkilatlar Azərbaycanda yerli monitorinq qruplarının yaradılmasını müsbət qiymətləndirmiş və onların potensialının artırılması üçün öz dəstəyini göstərmişdir.