Azərbaycanda gender bərabərliyi-mövcud vəziyyət
Azərbaycan
Respublikasında gender bərabərliyinin bərqərar edilməsi üzrə milli mexanizmin
inkişafı minillikdə qarşıya qoyulan məqsədlərə çatmaq kimi qlobal çərçivədə həyata
keçirilir. Azərbaycan hökuməti gender bərabərliyi sahəsində beynəlxalq
normalara uyğun olaraq inkişaf proqramlarının hazırlanmasını və həyata keçirilməsini
öhdəlik olaraq qəbul etmişdir.
Azərbaycan Respublikası 1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının
“Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması
haqqında” Konvensiyasına (CEDAW) və 2000-ci ildə onun Əlavə Protokoluna
qoşulduqdan sonra qüvvədə olan normativ hüquqi aktlara və formalaşmış təcrübəyə
qadınlara münasibətdə ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində
dəyişikliklər edilmiş, dövlətin qadın hüquqları və gender bərabərliyinin təmin
edilməsi üzrə siyasəti formalaşdırılmışdır.
Qadınların ölkənin siyasi,
sosial, iqtisadi və mədəni həyatında rolunu artırmaq məqsədi ilə Ümummilli
Lider Heydər Əliyev tərəfindən “Azərbaycanda qadınların rolunun artırılmasına
dair tədbirlər haqqında” 1998-ci il 14 yanvar tarixli, 727 saylı Sərəncam
imzalanmış, həmin ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.
“Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli Fərmanı siyasi qərarların
qəbul edilməsində qadınların imkanlarının genişləndirilməsi üzrə dövlət
strategiyasının təməlini qoymuşdur. Bu Fərman qanunvericiliyin gender ekspertizasının
keçirilməsini və ölkənin bütün dövlət strukturlarında qadınların kişilərlə eyni
səviyyədə təmsil olmasını nəzərdə tutur. 6 mart 2000-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən “Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət
Planı” təsdiq edilmişdir. Bu proqram milli prioritetləri nəzərə alaraq, 1995-ci ildə Pekində keçirilən Qadınların IV
Ümumdünya Konfransının qəbul etdiyi Pekin Fəaliyyət Platforması (PFP) əsasında hazırlanmışdır.
Son illər Azərbaycan Respublikasında baş verən siyasi proseslər,
ailənin möhkəmlənməsi və sosial müdafiəsi də daxil olmaqla, qadınların
müstəqilliyinin dərk edilməsinə əsaslanan yeni mexanizmin axtarışına imkan
yaradır. 2006-cı ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında yeni
dövlət strukturu - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təsis edildi. Gender bərabərliyinə nail olmaq və qadın
hüquqlarının daha səmərəli müdafiəsi məqsədi ilə dövlət mexanizmlərinin təkmilləşdirilməsi
ilə yanaşı
bu sahədə qeyri-hökumət təşkilatlarının
fəaliyyəti gücləndirildi.
Ölkəmizdə gender bərabərliyinin təşviqi sahəsində
atılmış mühüm addımlardan biri 2006-cı ildə “Gender (kişi və qadınların)
bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul
edilməsi olmuşdur. Qanunun mühüm cəhəti qadınların insan hüquqlarından və
fundamental azadlıqlardan istifadə etmələrinə mane olan halların, onlara qarşı
müəyyən kök salmış ayrı-seçkiliyin təzahürlərinin tanıdılıb ortaya
qoyulmasıdır. Qanunun 3-cü maddəsində de-facto
bərabərliyi sürətləndirmək və qadınlar üçün əsaslı bərabərliyi təmin etmək üçün
zəruri olan xüsusi tədbirlərin görülməsi nəzərdə tutulur.
Qadın hüquqlarının müdafiəsində 22 iyun 2010-cu il
tarixində qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan
Respublikasının Qanunu mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 26 sentyabr 2000-ci il tarixli, 176 saylı
Qərarına əsasən gender məsələləri üzrə məsul şəxslərin təyin edilməsi ilə bütün
dövlət qurumları və digər təşkilatların gender bərabərliyinin təmin edilməsi
ilə bağlı fəaliyyəti təkmilləşdirilmişdir. Nəticədə, gender problemləri bu strukturların
siyasətlərinə və proqramlarına daxil edilməsi aktuallaşmağa başlamışdır. Bu
halda nazirliklər və digər dövlət təşkilatları gender problemləri ilə bağlı
əldə olunmuş nailiyyətlərin monitorinqini asanlıqla aparmaq imkanı əldə edir.
Bu sahədə
əsas nailiyyətlərdən biri də Azərbaycan Respublikasının Milli Məclisində Ailə,
Qadın və Uşaq Məsələləri üzrə yeni Komitənin yaradılması olmuşdur.
Gender amilinin ümumi siyasətə daxil edilməsi dövlətin öz
strategiyaları və proqramlarının təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət
kəsb edir. Gender
bərabərliyi yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli
idarəçiliyin qurulması üçün zəruri olan şərtlərdən biridir. Yoxsulluğun
azaldılması, regionların sosial-iqtisadi inkişafı, məşğulluğun artırılması və
milli iqtisadiyyatın inkişafı üzrə qəbul edilmiş strateji sənədlərdə qadınların
inkişafı, gender bərabərliyinin təmin edilməsi üzrə xüsusi tədbirlər nəzərdə
tutulmuşdur.
2021-ci il 1 yanvar
vəziyyətinə olan statistik məlumata görə Azərbaycan əhalisinin ümumi sayının 50,1 faizini
qadınlar təşkil edir. Məşğul əhalinin ümumi sayında məşğul qadınların xüsusi çəkisi
48,2 faiz təşkil edir, onlardan 78,7 faizi özəl sektorda, 21,3 faizi isə dövlət
sektorunda çalışır.Təhsil sahəsində məşğul qadınların xüsusi çəkisi 74,5 faiz, əhaliyə
səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrində isə 75,8 faiz təşkil
etmişdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 42,6 faizi qadınlardır. Ölkədə gender siyasətinin həyata keçirilməsi
qadınların ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən qərarların qəbulunda
iştirakının artması ilə nəticələnmişdir. Məsələn, 2005-ci ildə keçirilmiş
parlament seçkilərində 14 qadın (11,2%), 2010-cu ildə 20 qadın (16%), 2015-ci
ildə 21 qadın (16,8%) və 2020-ci ildə 22 qadın (18,3%) qalib gəlib. Yerli dövlət
qurumlarında qadınların iştirakı da artmaqdadır. Qadınlar 2004-cü ilin bələdiyyə
seçkiləri zamanı bələdiyyə orqanı üzvlərinin 4 %-ni, 2009-cu ildə 26,5%-ni,
2014-cü ildə 35%-ni, 2019-cu ildə isə 39%-ni təşkil edib.
Bütün bunlara baxmayaraq siyasi fəaliyyət göstəricisinin aşağı olması
ölkəmizdə qadınların qərarqəbuletmədə və idarəetmədə iştirakının artırılması
istiqamətində həyata keçiriləcək tədbirlərin gücləndirilməsini tələb edir.
Ölkədə qadınlar cəmiyyətin bütün sahələrində təmsil olunsalar da
rəhbər vəzifələrdə onların sayı qənaətbəxş deyil. Qadınların çoxluq təşkil etdiyi sosial
sahələrdə də rəhbər vəzifələrdə çalışan qadınların sayı azdır. Beynəlxalq
təcrübədə qadınların irəli çəkilməsi məqsədilə kvotaların tətbiqi, müvəqqəti
xüsusi tədbirlərin görülməsi kimi mexanizmlərdən istifadə edilir. Azərbaycan
Respublikasında qeyd edilən problem ilə bağlı mövcud olan geniş qanunvericilik
bazası əməli tədbirlərin görülməsinə zəmin yaradır.
Xüsusilə
Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət qadın
siyasətinin həyata keçirilməsi haqqında” 6 mart
2000-ci il tarixli, 289 nömrəli Fərmanının bir daha nəzərdən
keçirilməsinə ehtiyac vardır.
Azərbaycan
Respublikasının qanunvericiliyində cinsi mənsubiyyətinə görə ayrı-seçkilik
yolverilməzdir. Bu əməlin törədilməsinə görə qanunvericilikdə cinayət
məsuliyyəti nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq həyatın müxtəlif
sahələrində, xüsusilə də ailə həyatında müxtəlif formalarda ayrı-seçkiliyin
təzahürləri ortaya çıxır. İllərlə formalaşmış mənfi gender stereotipləri və
qadına qarşı ayrı-seçkilik normaya çevrilmişdir. Beynəlxalq sənədlər bu ayrı-seçkilik
hallarının aradan qaldırılması üçün xüsusi tədbirlərin görülməsini tövsiyə
edir.
İlk növbədə
ölkə ərazisində bütün mümkün resurslardan (o cümlədən təhsil müəssisələri,
gənclər üçün mərkəzlər, mədəniyyət müəssisələri, qadın resurs mərkəzləri cəlb
edilməklə) istifadə etməklə əhali ilə
maarifləndirmə işləri gücləndirilməlidir.
Cinsi
mənsubiyyətə görə ayrı-seçkiliyə yol vermiş hüquqi və fiziki şəxslərə qarşı
lazımi tədbirlər görülməlidir. Qanunvericilikdə bu sahədə işlək mexanizmlərin
formalaşdırılmasına ehtiyac vardır. Belə ki, qanunvericilikdə məsuliyyətin
nəzərdə tutulmasına baxmayaraq cinsi mənsubiyyətə görə baş vermiş ayrı-seçkilik
halları ilə bağlı heç bir statistik məlumat mövcud deyildir.
Azərbaycan Respublikasında il ərzində orta hesabla qadınlara qarşı məişət zorakılığı hallarının insan alveri hallarından 8-9 dəfə çox olduğunu və ağır fəsadlara səbəb olduğunu, ailələri sarsıtdığını nəzərə alaraq bu problemə diqqətin artırılması, xüsusilə məişət zorakılığı qurbanları üçün dövlət yardım mərkəzinin yaradılması çox önəmlidir. Məişət zorakılığından zərər çəkənlər üçün hərtərəfli və səmərəli müdafiə vasitələri yaradılmalıdır. Həmçinin qadınlara qarşı zorakılığın bütün növlərinə dair statistik məlumatların toplanması, məişət zorakılığına dair məlumat bankının fəaliyyətinin təşkili istiqamətində işlər gücləndirilməlidir. Bundan əlavə, aparılan araşdırmalara əsasən Azərbaycanda təqribən hər üç kişidən biri (32.5%) həyatında ən azı bir dəfə fiziki zorakılıq törətdiyini və demək olar ki, eyni nisbətdə qadın (32.1%) bu cür zorakılığa məruz qaldığını bildirib. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında “Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq edilmişdir.
2011 –ci ildə qadın və kişilərin minimum nikah
yaşının bərabərləşdirilməsi və həyata
keçirilən qabaqlayıcı tədbirlər nəticəsində erkən nikahların sayında azalma
müşahidə olunmuşdur. Lakin ölkənin bir çox kənd yerlərində problem hələ də
qalmaqdadır. 15-17 yaş həddində olan
qadınlar tərəfindən hər il orta hesabla 3000-ə yaxın uşaq dünyaya gətirilir.
Qız uşaqlarının erkən yaşda ərə verilməsi halları sonradan ciddi tibbi, sosial,
iqtisadi və hüquqi problemlərə səbəb olur. Ölkədə erkən nikahalara qarşı
tədbirlərin gücləndirilməsi müsbət nəticələr versə də davam etdirilməlidir.
Təhsil müəssisələrində qızların təhsildən yayınması hallarının qarşısının
alınması istiqamətində işlərin gücləndirilməsinə, məktəb psixoloqlarının
peşəkarlığının artırılmasına ehtiyac vardır. Qanunvericiliyi pozan şəxslər
məsuliyyətdən kənarda qalmamalıdır.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 24 aprel 2019-cu il tarixli, 291s nömrəli Sərəncamının
2-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə “Gənclər arasında ailənin və
nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən
nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə
Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərar layihəsi hazırlanmış və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 23 iyun 2020-ci il tarixli 213 saylı Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29
dekabr tarixli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan 2020:Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının 7.4-cü bəndinə
əsasən Komitə tərəfindən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu
illər üçün Strategiyası” hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 2
iyul 2020-ci il tarixli 2073 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.
Strategiyanın məqsədi ölkədə uşaq müdafiəsi sisteminin Azərbaycan Respublikası
Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında
Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırılmasından, Azərbaycan
Respublikasının ərazisində bütün uşaqlar
üçün bərabər imkanların yaradılmasından, onların ən ümdə maraqlarının
qorunmasından, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarının daha səmərəli
müdafiəsindən, onlar üçün müasir standartlara malik sosial dəstək xidmətlərinin
təmin edilməsindən ibarətdir.
Komitə tərəfindən Strategiyanın icrası məqsədi ilə
hazırlanmış “Uşaq Strategiyasının həyata keçirilməsi üzrə 2020-2025-ci illər
üçün Fəaliyyət Planı” Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci
il tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.
Azərbaycanda qadınlar arasında yüksək anemiya səviyyəsi,
doğuşa nəzarətin əsas vasitəsi kimi abortdan istifadə, müasir kontrasepsiya
üsullarından az istifadə, kənd yerlərində səhiyyə infrastrukturunun məhdudluğu
narahatlıq doğurur. Ailədə oğlan uşaqlarına üstünlüyün verilməsinin əsas səbəbi
valideynlərin yaşlandıqda əsas maddi təminatçısının oğlu olacağını hesab edir,
bu da Azərbaycanda cins nisbətinin ciddi şəkildə pozulmasının (bioloji norma
105-106 oğlan/100 qız olduğu halda, faktiki olaraq 114 oğlan/100 qız) əsas təkanverici
amillərindən biri kimi qalmaqdadır.
Demoqrafik təhlillər göstərir ki, respublikada diri
doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının
artımı müşahidə olunur və hazırda hər 100 doğulan qıza 114 oğlan düşür. Qeyd
olunmalıdır ki, doğulan uşaqların cinsi nisbəti (hər 100 qıza düşən oğlanların
sayı) bioloji normaya uyğun olaraq 105-107 təşkil edir. Doğulanların cinsi nisbətinin pozulması ümumi əhalinin
cins strukturunu da dəyişir. Əhalinin siyahıyaalınmasının məlumatına əsasən
respublikada gender nisbəti 1989-cu il üzrə 1000 kişi - 1051 qadın, 1999-cu il
üzrə1000 kişi - 1048 qadın, 2009-cu il üzrə 1000 kişi - 1021 qadın təşkil
etmişdir. Bu gün isə respublikada gender nisbəti 1000 kişi - 1002 qadın təşkil
edir. Yerli orqanlar qeyd edilən problemlərə həssaslığı
artırmalı və əhalinin reproduktiv sağlamlıq, ailə planlaşdırılmasının
üstünlükləri, selektiv abortların fəsadları haqqında məlumatlılıq səviyyəsi
artırılmalıdır.
Doğulanlar
arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 71s nömrəli Sərəncamı
ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair
2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir.
Qadınların səlahiyyətləndirilməsi istiqamətində ən
vacib məsələlərindən biri onların
iqtisadi asılılığının azaldılmasıdır. Qadınların, xüsusilə kənd qadınlarının
biznes sahəsində biliklərinin məhdudluğu, onlar üçün bu sahədə informasiyanın əlçatan
olmaması, maliyyə, infrastruktur çətinliklərinin olması əsas problemlərdəndir.
Ölkədə qadın sahibkarlığının inkişafı və stimullaşdırılması məqsədilə
regionlarda qadın sahibkarlara biznesin formalaşdırılmasında və idarə
olunmasında dəstəyin göstərilməsi ilə
bağlı tədbirlər gücləndirilməlidir.
01 aprel 2021-ci il tarixinə iqtisadi fəaliyyət
növləri üzrə fərdi sahibkarların cins bölgüsündə qadınların sayı 21,3 faiz,
kişilərin sayı isə 78,7 % təşkil edib.
Ölkədə
qadınların real olaraq iqtisadi hüquqlarının həyata keçirilməsi, habelə
sahibkarlığın inkişafı sahəsində həyata keçirilən tədbirlərin qadınlara təsiri
ilə bağlı əlavə araşdırmaların və təhlillərin aparılmasına ehtiyac vardır.
Qadınların iqtisadi resurslara əlçatanlığı ilə bağlı statistik məlumatların
toplanması sahəsində işlər gücləndirilməlidir.
2016-cı il 6 dekabr tarixli “Azərbaycan
Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə qadınların əmək məhsuldarlığının artırılması
(işçilərin övladları ilə bağlı qayğılarının azaldılması, ixtisaslı qadın işçilərin
bilik və təcrübəsində fasiləsizliyin qorunması yolu ilə) və məşğulluqda gender
bərabərliyinin qorunması baxımından tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur. 2016-cı il 6 dekabr tarixli “Azərbaycan Respublikasında kənd təsərrüfatı
məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə kəndin
sosial-ictimai həyatında qadınların və gənclərin fəal iştirakı, qadınların məşğulluğunun
artırılması ilə bağlı xüsusi proqramların qəbulu və kənd yerlərində
startapların genişləndirilməsi, kənd yerlərində qadınların peşə hazırlığının
gücləndirilməsi və onların məşğulluğunun artırılması nəzərdə tutulmuşdur.
Respublikamız Birləşmiş Millətlər Təşkilatının
(BMT) üzvü olan dövlətlərin 2015-ci ilin sentyabr ayında keçirilən Dayanıqlı İnkişaf Sammitində
dünya liderləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində
Gündəlik”də əks olunan 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən
qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulmuşdur. Hər kəsi əhatə edən və
universal xarakter daşıyan bu yeni məqsədlər Minilliyin İnkişaf Məqsədlərinin əldə
etdiyi nəticələrə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir.
DİM-lərin 5-ci məqsədi gender bərabərliyinə nail olmaq, bütün qız və qadınların
səlahiyyətlərini artırmağa həsr olunmuşdur.
DİM-lərdən irəli gələn öhdəliklərlə bağlı dövlət
orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı
ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdır. Şura tərəfindən
təsdiq edilmiş Azərbaycan Respublikası üçün prioritet hesab edilən məqsəd, hədəf
və onlara uyğun göstəricilərin layihəsinə əsasən genderlə bağlı 5-ci məqsədə
aid bütün hədəflər prioritet olaraq seçilmişdir.