“Azərbaycanın
Füzuli-Horadiz, Ağcabədi və Tərtər rayonlarında əhalinin
həssas qruplarının erkən bərpa və icma dayanıqlılığının təmin edilməsi” layihəsi
BMTİP-in Azərbaycan nümayəndəliyi böhranın başlanğıcından bəri ilkin bərpa
məsələsi üzrə işçi qrupu yaratmaq, sürətli qiymətləndirmə aparmaq və zərər çəkmiş
ərazilərdəki kəskin ehtiyacları ödəmək məqsədilə tez bir zamanda ilkin bərpa və
icma dayanıqlılığının təmin edilməsi proqramını işə salmaqla ən vacib
ehtiyaclara cavab vermişdir.
İlkin bərpa və icmanın dayanıqlılığının təmin edilməsi proqramının bir
hissəsi olaraq, BMTİP-in Azərbaycan nümayəndəliyi, müharibənin ağır vəziyyətə
saldığı Füzuli, Ağcabədi və Tərtər rayonlarında “İcma Resurs Mərkəzləri (İRM)”
yaratmaqla ən həssas təbəqələrə yardım əlini uzatmağı və vaxt baxımından çox
vacib olan əsas xidmətləri təmin etməyi planlaşdırır. İcma Resurs Mərkəzlərinin dizaynı BMTIP-in Azərbaycan
nümayəndəliyi tərəfindən 2011-ci ildən bəri uğurla həyata keçirilmiş və hazırda
10 bölgədə qadınlar üçün məşğulluq və özünəməşğulluq üzrə dəstək xidmətləri sahəsində
fəal şəkildə işləyən mövcud Qadın Resurs Mərkəzləri modelinə əsaslanır. Mərkəzlərdən
əldə edilmiş təcrübə və Mərkəzlərin Standart Əməliyyat Prosedurları (SƏP) üç Mərkəzin
qısa bir vaxtda istismara verilməsi üçün uyğunlaşdırılacaq və xidmət edəcəkdir.
İcma Resurs Mərkəzləri geniş əraziləri,
xüsusilə də Tərtər rayonunda yerləşən Mərkəz Bərdə, Ağdam və Ağcabədi
rayonlarını əhatə edərək xidmət göstərəcəkdir. İRM zərər çəkmiş icmaların ən təcili
ehtiyaclarının müəyyənləşdirilməsinə kömək edəcək və əsas diqqəti qadınlar,
uşaqlar və əlilliyi olan şəxslərə yönəltməklə ən çox zərər çəkmiş insanlara
yaşayış imkanları, psixososial və biznes məsləhət xidmətləri daxil olmaqla
sosial-iqtisadi bərpa dəstəyinin verilməsini təmin edəcəkdir.Mərhələli yanaşma əvvəlcə
Füzulidə bir səyyar İRM-in tam istifadəyə verilməsi, Tərtər və Ağcabədi İRM-lərində
əsas səyyar əməliyyat potensialının yaradılması, üçüncüsü isə müxtəlif xidmət
sahələri üzrə üç istiqamətdəki İRM-lərin tam şəkildə yaradılması üçün tətbiq
ediləcəkdir.
İcma Resurs Mərkəzi üçün Füzuli rayonun Gənclər Mərkəzində (2 otaq), Tərtər
rayonunda Gənclər Mərkəzində (1 otaq),
Ağcabədi rayonunda Statistika İdarəsinin Binasında (2 otaq) yer ayrılmış, mebel, İT və səyyar qrup üçün lazımi
avadanlıqlarla ilə təmin olunmuşdur (mebel, İT avadanlığı, ofis ləvazimatları,
daimi internet xəttinin çəkilməsi). Hər
3 İcra Resurs Mərkəzinin fəaliyyətə başlaması üçün koordinator işə təyin olunmuş və mərkəzin idarəolunması, icmalarda
işin təşkili, araşdırıma və təhlil bacarıqlarına dair təlimlərə cəlb
olunmuşlar.
Müharibədən zərər çəkmiş ailələrə dərhal dəstək vermək üçün Azərbaycan
Mikromaliyyə Assosiasiyası seçilmişdir.
Səyyar dəstə koordinatoru, psixoloqlar, hüquqşünas və biznes məsləhətçilərindən
ibarət işçi qrup yaradılmışdır.
2021-ci ilin yanvar-fevral aylarında əsas ehtiyacları müəyyənləşdirmək və
prioritetləşdirmək üçün icma iclasları təşkil edilmişdir. Pandemiya vəziyyətini
nəzərə alaraq iclas iştirakçılarının sayı 10 nəfərdən çox olmamaq şərti ilə
keçirilmişdir. İclaslarda yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, bələdiyyələr
və mərkəzlərin koordinatorları iştirak etmişdir.
2021-ci ilin avqust-sentyabr aylarında Füzuli, Tərtər, Ağcabədi rayonlarında liderlik, kommunikasiya bacarıqları, problemlərin
həlli yolu, stresin idarə olunması, komanda işi və digər mövzularda təlimlər
keçirilmişdir. Təlimlərdə hər 3 rayonun İcra Hakimiyyəti Aparatının 23 nəfər əməkdaşı
iştirak etmişdir.
Füzuli-Horadiz, Ağcabədi və Tərtər İcma Resurs Mərkəzlərində yerli icra
hakimiyyəti, kənd icra nümayəndələri və bələdiyyə üzvlərinin bilik və
bacarıqlarının artırılması məqsədilə “Effektiv ünsiyyət bacarıqları” mövzusunda təlimlər
keçirilmişdir.
Füzulinin Horadiz şəhərində kənd təsərrüfatı üçün suvarma su xəttinin çəkilməsi,
Qazaxlılar və Əhmadalılar kəndlərində yol örtüyünün çınqılla örtülməsi üzrə 3 layihə
icra olunub tamamlanmışdır.
İcma Resurs Mərkəzlərində qrafik dizayn, veb
proqramlaşdırma və kontent menecer sahələri üzrə innovativ peşə kursları
keçirilmişdir. Peşə kurslarında 9 nəfər qadın iştirak etmişdir.
“Azərbaycanın Füzuli-Horadiz, Ağcabədi və Tərtər rayonlarında
əhalinin həssas qruplarının erkən bərpa
və icma dayanıqlılığının təmin edilməsi” layihəsi çərçivəsində 2021-ci ildə Ağcabədi, Tərtər, Füzuli İcma Resurs Mərkəzlərində
biznesə dəstək üçün 275, hüquqi dəstək üçün 559 nəfər, psixoloji dəstək üçün 370 nəfər müraciət
etmişdir.