Qadın Resurs Mərkəzləri
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2011-ci ildən başlayaraq müxtəlif
beynəlxalq təşkilatların dəstəyi ilə kənd və rayon yerlərində yaşayan
qadınların iqtisadi və sosial həyatda iştirakına dəstək layihələri həyata
keçirir. Layihələrin məqsədi kənd və rayon yerlərində yaşayan qadınların və gənclərin
iqtisadi həyatda fəal iştirakı, sahibkarlıq fəaliyyəti və məşğulluğu üçün
iqtisadi imkan və bacarıqlarının artırılmasıdır.
Layihələr
çərçivəsində Birləşmiş Millətlər Təşkilatının
İnkişaf Proqramının dəstəyi ilə Biləsuvar, Salyan, Sabirabad, Neftçala,
Masallı, Zaqatala, Qusar, Xaçmaz, Bakı şəhəri Xəzər rayonlarında və Sumqayit şəhərində , Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının
dəstəyi ilə Göyçay rayonunda və “Sağlam Həyat Naminə” İctimai Birliyinin
birgə əməkdaşlığı və British Petroleum Şirkətinin dəstəyi ilə Tovuz
rayonunda Qadın Resurs Mərkəzi yaradılmışdır.
Qadın Resurs Mərkəzləri məsləhətləşmə,
mentorluq, şəbəkələşmə, gücləndirmə, təhlükəsiz məkan, yaxşı ünsiyyət və təbliğat
daxil olmaqla, qadınlara geniş xidmət göstərən texniki qurum kimi fəaliyyət
göstərir.
Qadın Resurs Mərkəzlərinin kənar
maliyyələşmədən asılılığını azaltmaq
və fəaliyyətinin davamlılığını təmin
etmək məqsədilə onların dövlət qeydiyyatına alınaraq qeyri-hökumət təşkilatı
kimi fəaliyyət göstərməsi təmin edilmişdir.
10 Qadın Resurs Mərkəzi (Sabirabad, Biləsuvar,
Neftçala, Masallı, Salyan, Qusar,
Zaqatala, Göyçay, Tovuz və Bakı şəhərinin
Xəzər rayonu) qeydiyyatdan keçərək Qeyri Hökumət Təşkilatı statusu almışdır.
Qadın
Resurs Mərkəzlərinin təşkilatçılığı ilə 500-ə yaxın qadın sahibkarlıq fəaliyyətinə
başlamışdır. 8200 qadın müxtəlif təlimlərə cəlb olunmuş, tədbirlərdə iştirak
etmişdir.