Azərbaycan Qadınlarının ilk Qurultayı (1921-ci il)

 

1921-ci il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur. 

 

Azərbaycan qadınlarının I qurultayı zülm və köləlik daşını atmış savadsız, hələ azadlığın nə olduğunu dərk edə bilməyən qadınların maarifləndirilməsi, fəal həyata cəlb olunması uğrunda işlərin davam etdiyi bir vaxtda - 1921-ci ilin fevralında çağırıldı.

 

Azərbaycanın hər tərəfindən gələn qadınlar Bakıda toplaşdılar. Dörd gün davam edən qurultay Azərbaycan qadınlarının oyanışında çox mühüm rol oynadı.

 

1921-ci il fevralın 8-dən 11-dək Bakıda keçirilən Azərbaycan qadınlarının qurultayında 1188 nümayəndə iştirak etdi. Onların 815-i Bakıdan, 369-u respublikanın 12 əyalətindən, 4-ü Dağıstandan gəlmişdi. Nümayəndələrin milli tərkibi belə idi: azərbaycanlılar - 41,8 faiz, ruslar - 36,7 faiz, ermənilər - 13,8 faiz, digər millətlərin nümayəndələri - 7,7 faiz.

 

Nəriman Nərimanovun məruzə ilə çıxış etdiyi bu qurultayın əsas qayəsini qadın azadlığı ideyaları təşkil etdi.

 

 Qurultayın çağırılmasında əsas məqsəd respublikada çalışan qadınların fəallığını yüksəltmək və mahallarda qadın şöbələrinin işini təşkil etmək idi. Qurultayda “Mövcud vəziyyət haqqında”, “Maarifçilik haqqında”, “Şərq qadınlarının konqresi haqqında” məsələlər müzakirəyə çıxarıldı.

 

1921-ci il fevralın 11-də Bakıda Azərbaycan qadınlarının I qurultayı başa çatıb. Qurultay coşqun, siyasi nümayişlə bitib. Qadınlar bayraq və transporantlarla dəniz sahilinə nümayişə çıxıblar. Azərbaycan qadınları ilk dəfə belə mütəşəkkil şəkildə toplanaraq öz birliklərini, mübarizliklərini göstəriblər.

 

Qurultaydan keçən qısa bir müddət ərzində Azərbaycan qadınlarının maariflənməsi, ictimai fəallığının artırılması sahəsində böyük işlər həyata keçirildi. 

1921-ci ildə qızlar üçün təşkil olunmuş məktəbəqədər tərbiyə institutu bir il sonra Ali qadın pedaqoji institutuna çevrildi. Ceyran Bayramovanın təşəbbüsü ilə yaradılmış ilk qadın klubu bu dövrdə qadın hərəkatının inkişafında mühüm rol oynadı. 

1923-cü ildə "Şərq qadını" jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu. 

Sovet hakimiyyəti dövründə Azərbaycan qadınlarının 1957, 1967 və 1972-ci illərdə keçirilmiş qurultayları da Azərbaycanda qadın hərəkatının inkişafında, onun daha mütəşəkkil forma almasında mühüm rol oynadı.