Qızlar liseyi
Bakıda qızlar liseyinin açılması ənənəvi müsəlman cəmiyyətinin içində inqilabi bir ideya idi. Onun tikintisi yerli müsəlman ruhanilərin ciddi müqaviməti ilə üzləşmişdi . Yerli ruhaniləri sakitləşdirmək üçün Tağıyev bir tanınmış mollanı Bağdad kimi İslam mərkəzlərinə göndərmiş, oradakı aparıcı ilahiyyatçılardan və dini avtoritetlərdən belə bir məktəbin dinə zidd olmadığı barədə zəmanətlər alınmışdı. Bununla belə, bəzi valideynlər, tələbələr və hətta layihəni təsdiqləmiş yerli ruhanilər mühafizəkarların hücumlarına məruz qalırdılar.
Binanın arxitekturasının Şərq məscidi üslubunda olması da mühafizəkar dairələrin ürəyini ələ almaq ehtiyacına xidmət edirdi.
Tağıyev yoxsul ailələrdən olan tələbələrin məktəb paltarı, kirayə haqqı kimi ehtiyaclarını da ödəyirdi. Məktəb qapalı internat rejimində işləyirdi.
Burada təhsil müddəti dörd il idi və ilk məzunlar məktəbi 1905-ci ildə bitirmişdilər. Tağıiyevin təqdimatı ilə Həsən bəyin xanımı Hənifə Məlikova məktəbin direktoru və rus dili müəllimi təyin edilmişdi.
Tağıyev həmçinin Rusiya Dövlət Bankına məktəbin fəaliyyəti və tələbələrin gələcək təhsili üçün qızıl rublları şəklində vəsait də qoymuşdu. Banka qoyulan pulun məbləği o qədər böyük idi ki, çar 2-ci Nikolay Tağıyevə şəxsən məktub yazaraq təşəkkürünü bildirmişdi.
Tağıyevdən nümunə götürülərək başqa və daha kiçik qız məktəbləri açılırdı. 1915-ci ildə Bakıda artıq 5 qız məktəbi var idi. 1908-1909-cu illərdə hökumət tərəfindən maliyyələşdirilən ilk müsəlman-rus qız məktəbi açılanda, şəhər Duması Hənifə xanımdan həmin məktəbin direktorluğunu öz üzərinə götürməsini xahiş etmişdi.
Qız məktəblərində dərs deyə biləcək müəllimlər çox deyildilər.
Tağıyev bu problemi də aradan qaldırmaq üçün 1913-cü ildə ibtidai məktəb müəllimlərinin təhsili üçün icazə aldı. Lazımi hazırlıqlardan sonra 1915-ci ilin sentyabrından elə eyni binada ikiillik pedaqoji təhsil verən kurslar açıldı.
Tağıyev müharibə illərinin çətinliklərinə baxmayaraq məktəbləri və tələbələri dəstəkləmək üçün əlindən gələni edirdi. Lakin 1917-ci ilin Fevral İnqilabı iqtisadi vəziyyəti ağırlaşdırdı və məktəbin müdiriyyəti həmin ilin aprelində təhsil prosesini dayandırdı.
Növbəti ildə ərzaq çatışmazlığı üzündən məktəbin yataqxanası da bağlandı. Pedaqoji kurslarda təhsil almış son müdavimlər diplomlarını 1918-ci ildə aldılar.
Onlardan bəziləri sonrakı sovet illərində də təhsillərini davam etdirərək əsl peşəkarlara çevrildilər. Məzunlardan bir çoxu Azərbaycana böyük bəstəkar Qara Qarayev kimi oğullar vermiş analar idi.
Müharibə və inqilablar bu məktəbin bağlanmasına səbəb olsa da, Azərbaycan Respublikası doğuldu və həmin bina dövlətin sütununa çevrildi.