Şərqdə ilk dəfə qadına səsvermə hüququ verildi

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. 

         Cəmi 23 ay yaşamasına baxmayaraq , Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların  bərabər hüquqlarının tanınması, bir çox dünya ölkələrindən əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi Xalq Cumhuriyyətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. 

 

Tarixə nəzər salsaq, dünyada qadına  seçki hüququnu verən ilk dövlət  1893-cü ildə Yeni Zelandiya olub. Avropada qadınların səsvermə hüququnu tanıyan ölkərin sırasında başda Norveç, Finlandiya və İslandiya kimi ölkələr olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbiti ilə yanaşı, həm də Şərqdə ilk dəfə qadına səsvermə imkanı vermiş oldu.  ABŞ-da qadınlara ilk dəfə  1920-ci ildə,  Fransada qadınların səsvermə hüququ yalnız 1944-cü ildə, İsveçrədə isə 1971-ci ildə verilib.

Azərbaycan Xalq Cümhuriyyəti dönəmində bu mütərəqqi addımın atılması həmin dövrdə Şərqin ilk müstəqil respublikasının hüquqi dövlət quruculuğu yolunda əzmlə irəlilədiyinin, həm də ölkədə gender bərabərliyinin təmin olunmasının parlaq göstəricisi idi.