Gender bərabərliyi üzrə statistikanın emalı

 

Gender bərabərliyinin təmin edilməsi sahəsində vəziyyətin monitorinqi, qiymətləndirilməsi və gələcək fəaliyyətlər üzrə prioritetlərin müəyyən edilməsi üçün çoxsaylı statistik göstəricilərin emalı olduqca önəmlidir.

“Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 289 nömrəli fərmanına uyğun olaraq Dövlət Statistika Komitəsi hər il Azərbaycan və ingilis dillərində “Azərbaycanda qadınlar və kişilər” adlı statistik məcmuə hazırlayır və nəşr edir.

 

Azərbaycan Respublikasında gender bərabərliyini əks etdirən kompleks statistik göstəricilər sisteminin 1999-cu ildə birinci, 2010-cu ildə (273 göstərici) ikinci versiyası, 2012-ci ildə isə (310 göstərici) üçüncü təkmilləşdirilmiş versiyası hazırlanmışdır.

Gender statistikasını əks etdirən göstəricilər sisteminin üçüncü variantı statistik məlumat kitabçası şəklində tərtib edilmiş, burada göstəricilərin adları, ölçü vahidləri və təqdim edilmə dövriliyi, informasiya mənbələri, eləcə də işlənib hazırlanma proqramı öz əksini tapmışdır.

Göstəricilər sistemi təkcə Dövlət Statistika Komitəsinin məlumatlarından deyil, digər qurumların məlumatlarından da ibarətdir. Göstəricilər sistemi hazırlanarkən beynəlxalq, xüsusilə də İsveç Milli Statistika Bürosunun təcrübəsi nəzərə alınmışdır.

Göstəricilər qadın və kişilərin cəmiyyətin sosial-iqtisadi həyatında iştirakının müxtəlif aspektlərini əks etdirən on bölmə üzrə qruplaşdırılmışdır: əhali, səhiyyə, təhsil və elmi kadrlar, məşğulluq və işsizlik, əhalinin iqtisadi fəallığına dair statistika müşahidəsi, balıqçılıq və meşə təsərrüfatı, həyat səviyyəsi və sosial təminat, parlament, hüquqpozmalar və beynəlxalq müqayisələr.

Gender statistikasına dair tələb olunan yeni göstəricilərin əlavə olunmasının təmin edilməsi məqsədilə həmin məcmuəyə balıqçılıqla məşğul olan, meşə məhsullarının tədarükündə iştirak etmiş, nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsini alan şəxslərin gender bölgüsü və əhalinin yaş qrupları üzrə ölümün əsas səbəbləri, 60 yaşda olan əhalinin gözlənilən ömür uzunluğu, piylənmədən əziyyət çəkən uşaqların cins və yaş üzrə bölgüsü, qadın məsləhətxanaları və qadın məsləhətxanaları olan tibb müəssisələrinin sayı, fəaliyyət növləri üzrə fərdi sahibkarların gender bölgüsü, natamam məşğul olanların həftə ərzində iş saatları və cins üzrə bölgüsü, gender bərabərsizlik indeksi və s. kimi yeni göstəricilər daxil edilmişdir.

Hər il mütəmadi olaraq həmin məcmuəyə yeni göstəricilər əlavə edilir.

 

2012-ci ildə Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində “Gender” bölməsi yaradılmışdır və gender aspektində yeni və maraqlı məlumatlar Komitə tərəfindən nəşr olunan “Azərbaycanda qadınlar və kişilər” adlı illik statistik məcmuəyə daxil edilir. Statistik məcmuə və gender statistikası üzrə göstəricilər sistemi Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsinin ( www.stat.gov.az ) “Gender” bölməsində yerləşdirilmişdir.

 

Gender statistikasının daha da təkmilləşdirilməsi üçün müvafiq sahələr üzrə statistik göstəricilərin gender auditinin aparılması zəruridir. Xüsusilə iqtisadi-sosial hüquqların təmin edilməsi, gender zorakılığının qarşısının alınması, yerlərdə dövlət xidmətlərindən istifadə üzrə statistikanın inkişafına ehtiyac vardır.

 

 

Gender bərabərliyinin təminedilməsi sahəsində aparılmış tədqiqatlar

·         Dövlət Komitəsi BMT-nin Əhali Fondu ilə birgə “Azərbaycanda doğulan uşaqların cinsnisbətinin pozulmasına zəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı Tədqiqat” (2012-ci il)

 

·         Dövlət Statistika Komitəsinin 2015-ci ildə keçirdiyi “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə

 

·         BMT-nin Əhali Fondu ilə birgə “Kişilərin gender bərabərliyinə münasibətinə dair  Tədqiqat” (2017-ci il)

 

·         BMT-nin Əhali Fondunun Dövlət Komitəsi ilə birgə hazırladığı “Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” adlı Tədqiqat

 

·         BMTİP, BMT Əhali Fondu və Komitənin birgə layihəsi əsasında “Özəl sekorda kişilər və qadınlar: imkan və çətinliklər” mövzusunda Təhlil  (2018-ci il)