Details
  • 01 Noyabr 2022

“Gender Bərabərliyi və İdarəetmə” mövzusunda təlim keçirilib

25 oktyabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə “Aİ Gender Bərabərliyi naminə: İslahat üzrə Yardım Xidməti” layihəsi çərçivəsində gender məsələləri üzrə məsul şəxslər üçün “Gender Bərabərliyi və İdarəetmə” mövzusunda təlim keçirilib. Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova tədbirin əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, bu gün demək olar ki, ölkədə fəaliyyət göstərən əsas idarə və müəssisələrdə, təşkilatlarda gender məsul şəxslər fəaliyyət göstərir. Sədr müavini məişət zorakılığının qarşısının alınmasında və ailələrdə gender münasibətlərinin formalaşmasında, eyni zamanda yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyinin artırılmasında gender komissiyalarının əhəmiyyətini vurğulayıb. Həmçinin hazırda Dövlət Komitəsi tərəfindən gender məsul şəxslərin fəaliyyətini tənzimləyən təlimat sənədi hazırlandığını diqqətə çatdırıb. Ölkəmizdə 2006-cı ildə Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanun qəbul edildiyini bildirən S.Qəhrəmanova bu Qanunun 20-ci maddəsinə əsasən hər il Dövlət Komitəsi tərəfindən Milli Məclis qarşısında hesabat verildiyini vurğulayıb. Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə yaradılan Gender portalından bəhs edən sədr müavini, gender məsul şəxslər arasında koordinasiyani və operativliyi gücləndirərək, onların şəbəkələşməsini təmin edən bu platformanın, eyni zamanda gender bərabərliyi sahəsində fəaliyyətin daha şəffaf prinsiplərə əsasən həyata keçirilməsinə töhfə verəcəyini əlavə edib. Avropa İttifaqı Deleqasiyasının Beynəlxalq Yardım və Əməkdaşlıq şöbəsinin əməkdaşı Məryəm Hacı-İsmayılova bildirib ki, Aİ bu cür tədbirlərə öz töhfəsini verməyə hazırdır. O deyib ki, seminar iştirakçıları ilə üç gün ərzində gender məsələlərində həm ölkə, həm də beynəlxalq təcrübə üzrə biliklər paylaşılacaq. Müxtəlif qurumların rəsmiləri, eləcə də nazirliklərin gender məsul şəxslərinin iştirakı ilə keçirilən təlim 26-27 oktyabr tarixlərində də davam edəcək.

Details