Details
  • 13 Dekabr 2023

Bələdiyyələrdə yaradılmış Gender Komissiyalarının üzvləri üçün növbəti təlim keçirilib

“Gender bərabərliyi və yerli idarəetmə” mövzusunda təlimdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bu istiqamətdə mütəmadi olaraq həyata keçirilən maarifləndirici təlimlərin əhəmiyyətindən bəhs edib.

Bələdiyyələrdə yaradılan Gender Komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsinin vacibliyini bildirən sədr müavini əlavə edib ki, bu komissiyalar risk qrupundan olan ailələri müəyyən edərək, bilavasitə həmin ailələrdə gender münasibətlərinin formalaşmasına töhfə verə bilər.

Daha sonra təlimçi-gender mütəxəssisi Şəhla İsmayıl təqdimatla çıxış edərək gender bərabərliyi konsepsiyası və çərçivəsi, gender lüğəti və əsas anlayışların izahı, gender bərabərsizliyinin səbəbləri və nəticələrindən danışıb.

Sonra ailədə gender rolları ilə bağlı video çarx nümayiş etdirilib.

Təlim “Yerli idarəetmə sektorunda gender bərabərliyi” adlı 2-ci sessiya ilə davam edib. Sessiya çərçivəsində ölkəmizdə gender siyasəti və qanunvericilik bazası, Azərbaycanın beynəlxalq gender öhdəlikləri, yerli idarəetmədə gender prinsiplərinin tətbiqi mövzuları üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, bələdiyyələrin hüquq və vəzifələri, gender bərabərliyinin təmin olunması istiqamətində mövcud problemlər, gender bərabərliyinin təbliği ilə bağlı gender komissiyalarının üzərinə düşən vəzifələr barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Komitə tərəfindən mütəmadi olaraq təlimlər keçirilir.

Details