Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə 30 noyabr 2022-ci il tarixində “Gender Azərbaycan” portalının təqdimat mərasimi keçirilib.
Mərasimdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, gender bərabərliyinin təmin olunması və qadın hüquqlarının qorunması istiqamətində görülən işlərdən, reallaşdırılan layihələrdən söz açıb. Bu sahədə beynəlxalq təşkilatlarla birgə fəaliyyətin mühüm əhəmiyyətə malik olduğunu qeyd edən sədr, Dövlət Komitəsinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə əməkdaşlıq çərçivəsində keçirilən çoxsaylı layihələr, maarifləndirmə tədbirləri haqqında məlumat verib.
GİZ ilə əməkdaşlığın rəqəmsal sferada da davam etdiyini vurğulayan B.Muradova, “genderazerbaijan.com” portalının gender məsul şəxslər arasında koordinasiyanı və operativliyi gücləndirərək, onların şəbəkələşməsini təmin etdiyini, eyni zamanda gender bərabərliyi sahəsində fəaliyyətin daha şəffaf prinsiplərə əsasən həyata keçirilməsini təşkil edəcəyini bildirib. “Bütün bu fəaliyyətlər gender bərabərliyinin təşviqi və məlumatlılığın artırılması baxımından olduqca vacibdir” - deyə o, əlavə edib.
Bahar Muradova, portalın yaradılmasının Azərbaycan Hökumətinin BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin (CEDAW) altıncı dövri məruzəsi ilə bağlı yekun tövsiyələrinin icrasına, Dayanıqlı İnkişaf Məqsədlərinin beşinci - gender bərabərliyi məqsədinin təmin edilməsinə və Avropa Şurasının gender bərabərliyi strategiyasının icrasına yönəldiyini söyləyib. O, portalın qeyd edilən beynəlxalq təşkilatlar qarşısında öhdəliklərin icrasına, gender indeksi üzrə Azərbaycanın irəliləməsinə, həmçinin gender bərabərliyinin təminatları sahəsinə cəlb olunmuş bütün dövlət orqanları, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın və inteqrasiyanın gücləndirilməsinə dəstək verəcəyinə inamını ifadə edib.
Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyinin İqtisadiyyat, mədəniyyət və mətbuatla əlaqələr şöbəsinin nümayəndəsi Zübeyda Oyan, qadınların ictimai həyatda fəal iştirakının ümumilikdə cəmiyyətin rifahını yüksəltdiyini qeyd edərək, Şərqdə qadına seçki hüququ verən ilk ölkə olan Azərbaycanda qadınların təmsilçiliyinin artırılması istiqamətində vacib tədbirlər görüldüyünü bildirib. O, Almaniyanın həyata keçirdiyi gender siyasəti barədə danışarkən, bu sahədə ölkələrimiz arasında uzunmüddətli uğurlu əməkdaşlıqdan bəhs edib, birgə fəaliyyətin davam etdirilməsinin önəmli olduğunu deyib.
Millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda həyata keçirilən gender bərabərliyi siyasətindən danışaraq, güclü hüquqi bazanın yaradıldığına diqqət çəkib. Millət vəkili, icra mexanizmlərinin gücləndirilməsinin vacibliyindən bəhs edərək, Azərbaycanın bu istiqamətdə fəaliyyətinin başqa ölkələr üçün nümunə olduğunu qeyd edib, yaradılan portalın həyata keçirilən tədbirlərə töhfə verəcəyini söyləyib.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Karin Hoerhan təşkilat üçün gender bərabərliyi məsələsinin fundamental prinsip olduğunu vurğulayıb, Azərbaycanla birgə reallaşdırılan layihələrdən söhbət açıb və Dövlət Komitəsinə uğurlu əməkdaşlığa görə təşəkkürünü bildirib. O, gender əsaslı zorakılığa qarşı hərəkat dövründə bu portalın gender məsul şəxslər və əlaqəli qurumlar arasında məlumat mübadiləsinin təmin edilməsi baxımından faydalı olacağını qeyd edib.
Tədbirin davamında “Lead Lab” şirkətinin layihə rəhbəri Toğrul Vəlibəyli təqdimatla çıxış edərək portal barədə məlumatları təqdim edib, saytın bölmələri, yerləşdirilən resurslar və onlardan istifadə qaydaları haqqında məlumat verib.
BMT-nin CEDAW Komitəsinin sədr müavini Elgün Səfərov gender bərabərliyinin təmin edilməsi istiqamətində ilk portalla bağlı təqdimatla çıxış edərək, portalın yaradılmasının məqsədi, prioritet istiqamətləri və gender bərabərliyi istiqamətində verəcəyi faydalardan bəhs edib. O, gender bərabərliyi üzrə fəaliyyət göstərən hər kəsin məlumatlandırılması məqsədilə araşdırma və təhlillərin, maarifləndirmə materiallarının yerləşdirilməsi, eləcə də konfidensial müraciət etmək imkanının olduğunu vurğulayıb.
Tədbir müzakirələrlə davam edib və iştirakçıların sualları cavablandırılıb.