100 qızın qatıldığı yay düşərgəsinin 4 günü geridə qaldı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ölkəmizin müxtəlif rayonlarından olan 100 qızın qatıldığı “Biz Birlikdə Güclüyük” adlı yay düşərgəsinin 4 günü maraqlı anlarla yadda qalıb.
Uşaq Səfirlər Məclisi üzvlərinin təqdimatında internet təhlükəsizliyi, kibercinayətkarlıq, uşaq hüquqları, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin psixoloqu Gülşən Axundovanın təqdimatında sağlam
həyat tərzi və reproduktiv sağlamlıq mövzusunda təlimlər keçirilib. Eyni zamanda Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva “Uşaqlara qarşı zorakılığın latent növləri” təlimi zamanı onlara bu mövzu ətrafında faydalı məlumatlar verib.
Yüksəliş müsabiqəsinin qalibi Arzu Tahirquliyeva-Nağıyeva və Sağlam Ailə Tibb Mərkəzinin icraçı direktoru Nigar Rüstəmli uşaqlarla görüşlərdə öz təcrübələrini bölüşüblər. Futbol üzrə milli komandamızın üzvləri ilə olan görüş isə xüsusilə yadda qalıb. Görüşün davamında qızlarımız futbolda da öz məharətlərini nümayiş etdiriblər.
Düşərgənin 4-cü günündə uşaqlar İçərişəhər Tarixi Memarlıq Qoruğunda ekskursiyada olublar. İştirakçılar paytaxtımızın tarixinə qısa səyahət edərək, maraqlı faktlarla tanış olublar.
Asudə vaxtlarında qızlar kitab oxuyub, stolüstü və aktiv oyunlar oynayıblar. Onlar üçün teatr saatları təşkil olunub, eləcə də açıq havada film izləyib, musiqi dinləyiblər.
Qeyd edək ki, düşərgə avqustun 31-dək davam edəcək.