Details
  • 16 Noyabr 2022

Beynəlxalq Qızlar Gününə həsr edilmiş “Gənc Qızların Təhsilinə Dəstək-2022” Kampaniyası çərçivəsində tədbir keçirilib

11 oktyabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 11 oktyabr - Beynəlxalq Qızlar Gününə həsr edilmiş “Gənc Qızların Təhsilinə Dəstək-2022” Kampaniyası tədbiri keçirilib. Məqsədi Azərbaycanda tarixi xeyriyyəçilik ənənələrini davam etdirmək və dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların müasir təhsil imkanlarından faydalanmasına dəstək göstərmək olan bu Kampaniyanın yekun tədbirində ilk olaraq qonaqlar Qızlar Məktəbinin ilk dərs gününün keçirildiyi otaqda təşkil olunmuş muzeydə nümayiş olunan eksponatlarla tanış olublar. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayıb. O, qeyd edib ki, ötən ilin bu günü vaxtilə məktəbin açılışının keçirildiyi bu zalda Azərbaycan tarixinə öz xeyriyyəçilik ənənələri ilə daxil olmuş, xalqımızın ehtiramla yad etdiyi Hacı Zeynalabdin Tağıyevin şəxsi təşəbbüsü və çoxsaylı çətinlikləri dəf edərək, Azərbaycanda qızların, xüsusilə aztəminatlı ailələrdən olan qızların təhsilə cəlb etmək istiqamətində təşəbbüsünün reallaşmasının 120 illiyinə toplaşmışdıq. “Gənc Qızların Təhsilinə Dəstək-2022” Kampaniyasına diqqət çəkən B.Muradova təşkilatçılara ötən ildən başlayaraq qaldırılan bu təşəbbüsə dəstək verdiklərinə görə təşəkkürünü bildirib. Azərbaycan dövlətinin təhsilin inkişafına, onun müasir tələblərə cavab verməsinə verdiyi diqqəti vurğulayan Komitə sədri onu da əlavə edib ki, ölkədə təhsilin imkanlarından hər kəsin bərabər şəkildə faydalanıb layiqli vətəndaş kimi yetişməsi üçün şərait yaradılıb. Qızların Təhsilinə Dəstəyin davamlı xarakter alması üçün yalnız dövlətin imkanlarından deyil, eləcə də Azərbaycan ictimaiyyətinin, xüsusilə təhsilin inkişafını xalqımızın gələcəyi kimi görən və bunun üçün ianə, yardım göstərən iş adamlarının, xeyriyyəçi insanların imkanlarından və büdcədənkənar fondların imkanlarından istifadə edilməlidir” – deyə Bahar Muradova vurğulayıb. Həmçinin Azərbaycanda fəaliyyət göstərən iş adamlarına, media mənsublarına və ictimai fəallara bu Kampaniyanın daha geniş vüsət alması üçün öz fəaliyyət istiqamətlərindən müvafiq olaraq davamlı dəstək verməyə çağırıb. Sonda Komitə sədri mükafatlandırılan qızları təbrik edərək, həyata keçirilən bu layihənin onların gələcək inkişaflarına töhfə verəciyinə inamını ifadə edib. Təşəbbüsə görə Komitə sədrinə təşəkkür edən təhsil naziri Emin Əmrullayev, qızların təhsilinin, öncə onların inkişafına, eləcə də ümumilikdə bütün sahələrə - səhiyyə, elm, sosial-ictimai rifah səviyyəsinə, xüsusilə də ailə institutunun formalaşmasına müsbət təsir göstərən amil olduğunu qeyd edib. Qızların təhsilinin Azərbaycandakı vəziyyətinə diqqət çəkən E.Əmrullayev, onların böyük əksəriyyətinin ali təhsil aldığını və son illər bu sayın getdikcə yüksəldiyini söyləyib. O, son aparılan araşdırmalara əsasən, ibtidai təhsil dövründə qızların oğlan həmyaşıdlarından daha yüksək nəticə göstərdiyini, irəliləyən illərdə isə əksinə, oğlanların qızları üstələdiyini qeyd edib: “Bu daha çox sosial bir məsələdir. Yeniyetməlik və gənc yaş dövrünə qədəm qoyduqca qızların, daha çox məhdudiyyətlərlə üz-üzə qalması, onların nəticələrinə də təsir göstərir”. Nazirliyin və Komitənin Təhsilin İnkişafı Fondu ilə birgə əməkdaşlıq çərçivəsində aztəminatlı ailələrdən olan qızların təhsilinə dəstək vermək məqsədilə reallaşdıracağı layihənin önəmindən bəhs edərək, gənc qızların təhsilini davam etdirməsi istiqamətində faydalı iş görüləcəyinə, bu təşəbbüsün davamlı olacağına inamını ifadə edib. Əksəriyyətinin yüksək bal topladığı, mükafata layiq görülən qızları təbrik edib, Azərbaycanın çiçəklənən gələcəyinə töhfə verəcəklərinə əmin olduğunu bildirib. Çıxış edən millət vəkili Ceyhun Məmmədov tədbirin əhəmiyyətinə diqqət çəkərək qızların təhsilinə verilən dəstəyin vacibliyini qeyd edib. O, dövlət qurumlarının bu sahədə birgə fəaliyyətini yüksək qiymətləndirib: ”Yeni tendensiyaların müşahidə olunduğu bir dövrdə biz təhsilimizi daha da inkişaf etdirmək üçün səylərimizi birləşdirməli, xüsusilə özəl sektorun nümayəndələrini bu işə təşviq etməliyik. Əgər biz dəyərlərimizi qoruya bilsək, gələcəyimizə ümid edə bilərik, onu qoruya bilərik ”. Sonra Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı çıxış edərək belə mötəbər bir tədbirin təşkilinə görə təşəkkürünü bildirib. Dahi Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin uzun illər Qızlar Məktəbinin fəaliyyətindəki rolundan bəhs edən G.Babaxanlı bildirib ki, bu il Hüseyn Cavidin anadan olmasının 140 illik yubileyi qeyd ediləcək. O, çıxışına Hüseyn Cavidin misraları ilə davam edib. Çıxışlardan sonra gənclərin, xüsusilə qızların təhsil hüquqlarının, təhsilə əlçatanlığının təmin edilməsi, onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olunması, yüksək ixtisaslı kadrların hazırlanması və digər məsələlərə dair birgə əməkdaşlığın həyata keçirilməsi məqsədilə AR Elm və Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında “Gənc Qızların Təhsilinə Dəstək Kampaniyası” layihəsinin birgə icrası ilə bağlı niyyət protokolu imzalanıb. Tədbir çərçivəsində təşkil olunan “Gənc Qızların Təhsilinə Dəstək-2022” Kampaniyasına cəlb edilən, regionlardan olan, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən, həmçinin həssas qruplardan olan 24 tələbəyə sertifikatlar təqdim edilib. Sonda tələbə qızlar adından çıxış edən Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinin 1-ci kurs tələbəsi Məleykə Məmmədova hər bir millətin gələcəyinin formalaşmasında keyfiyyətli təhsilin mühüm rol oynadığını qeyd edib, xüsusilə qızların təhsilə cəlb olunmasına göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, bu il ali təhsil həyatına qədəm qoyan bütün gənclərə uğurlar arzu edib. Özəl sektorun, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirin yekununda 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Selcan Qarayeva şeir səsləndirib. Sonda xatirə fotosu çəkdirilib. Qeyd edək ki, 2021-ci ildə Dövlət Komitəsi Elm və Təhsil Nazirliyi ilə birgə Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılan “Qızlar Məktəbi”nin 120 illik yubileyi və 11 oktyabr Beynəlxalq Qızlar Gününə həsr olunmuş “Gənc Qızların Təhsilinə Dəstək-2021” Kampaniyasını həyata keçirmişdir. Kampaniya çərçivəsində aztəminatlı ailələrdən olan, ali məktəblərə qəbul imtahanında yüksək bal toplamış 14 nəfər tələbə qıza dəstək göstərilmişdir. Qızlara davamlı dəstək göstərən şirkətlərə, iş adamlarına və sahibkarlara təşəkkür edirik.

Details