Details
  • 03 Avqust 2023

Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri üçün təlim keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Yevlax rayonunda Mingəçevir, Naftalan, Gəncə, Samux, Göygöl və Goranboy Rayon və Şəhər İcra Hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri üçün təlim keçirilib.

Təlimin məqsədi “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası ilə yanaşı, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və regionlarda zorakılıqla mübarizə sahəsində profilaktik işin aparılması kimi məsələlərin müzakirə edilməsidir.

Yevlax Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupununun rəhbəri Elnarə Əzizova tədbir iştirakçılarını salamlayaraq, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər barədə iştirakçıları məlumatlandırıb.

Çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova respublika üzrə rayon və şəhər icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının öz fəaliyyətlərini həyata keçirən zaman “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutaraq baş vermiş zorakılıq halları ilə əlaqədar qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb, bu istiqamətdə bələdiyyələrin imkanlarından istifadə olunmasının vacibliyini vurğulayıb.

Həmçinin təlimdə iştirak edən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının rəhbərlərinin çıxışları dinlənilib.

Komitənin Hüquqi-təminat şöbəsinin əməkdaşı İradə Məmmədova “Məişət zorakılığı üzrə monitorinq qruplarının fəaliyyətinin təhlili və hüquqi müstəvidə görülməli olan tədbirlər” mövzusunda təqdimatla çıxış edib.

Təlim müzakirələrlə davam edib.

Details