Details
  • 13 Dekabr 2022

“Yerli idarəetmədə gender bərabərliyinin təşviqi” mövzusunda konfrans keçirilib

09 dekabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə  Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası çərçivəsində “Yerli idarəetmədə gender bərabərliyinin təşviqi” mövzusunda konfrans keçirilib.

Konfransda dövlət qurumlarının nümayəndələri, yerli icra hakimiyyətləri və bələdiyyələr üzrə gender məsul şəxslər, vətəndaş cəmiyyəti institutu nümayəndələri iştirak edib.

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova iştirakçıları salamlayaraq, gender bərabərliyinin təmin edilməsi istiqamətində hökumət tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdırıb. O bildirib ki, bütün dövlət qurumlarının “Gender bərabərliyinin (qadın və kişilərin) təminatları haqqında” Qanunun yerinə yetirilməsi ilə bağlı hesabatlarının yekunu olaraq, Dövlət Komitəsi hər il Milli Məclisdə gender bərabərliyi istiqamətində mövcud vəziyyət barədə məlumatları təqdim edir.

O qeyd edib ki, bu gün aktual məsələlərdən biri də ərazi baxımından yerli əhali ilə daha yaxından əlaqə qurmaq imkanı olan bələdiyyələrdə gender komissiyalarının yaradılmasıdır və artıq 30 yerli özünüidarəetmə orqanında gender komissiyaları fəaliyyət göstərir. Bu isə imkan yaradır ki, bələdiyyə üzvləri əhali ilə sıx təmasda olmaq və onların problemlərini təhlil etmək imkanı əldə etsinlər.

“Gender əsaslı zorakılıq hallarının qarşısının alınması istiqamətində bələdiyyələrdə fəaliyyət göstərən gender komissiyaları risk qrupundan olan ailələri müəyyən edərək, bilavasitə həmin ailələrdə gender münasibətlərinin formalaşmasına töhfə verə bilərlər” – deyə S.Qəhrəmanova əlavə edib.

Çıxış edən Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyinin  İqtisadiyyat, Mədəniyyət və Mətbuatla Əlaqələr şöbəsinin nümayəndəsi Zübeyda Oyan Azərbaycanın gender bərabərliyinin təmin edilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. Xüsusilə də əmək bazarında qadınların səlahiyyətlərinin gücləndirilməsi ilə bağlı görülən işlərin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, zorakılıq hallarının baş verməsi qadınların cəmiyyətin müxtəlif sahələrində iştirakının və rifah halının zəifləməsinə gətirib çıxarır, bu isə ümumilikdə ölkələrdə vəziyyətin çətinləşməsinə səbəb olur.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Azərbaycan üzrə direktor müavini Samuel Held bugünki konfransın 16 günlük fəallıq kampaniyası çərçivəsində təşkil edilməsinin əhəmiyyətini vurğulayıb. O, GİZ-in uzun illərdir Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələr və tədbirlər haqqında məlumatları diqqətə çatdırıb. S. Held zorakılıqla mübarizə istiqamətində cəmiyyətdə hər kəsin birgə mübarizə aparmalı olduğunu qeyd edib.

Daha sonra Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin məsləhətçisi Fəridə Hacıyeva “Bələdiyyələrdə gender  komissiyalarının rolu”, Bakı şəhər Xəzər rayon icra hakimiyyəti başçısının müavini Lalə Əhmədova “Məişət zorakılığının qarşısının alınmasında gender komissiyalarının rolu”, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri Hümbət Hüseynov “Gender əsaslı zorakılığın qarşısının alınmasında bələdiyyələrin rolu”, Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin şöbə müdiri Səbahət  Hümbətova “Gender Komissiyalarının təcrübəsi”, Xətai Bələdiyyəsinin sədr müavini Nərminə Hacıyeva “Gender Komissiyalarının təcrübəsi” mövzuları üzrə çıxış edərək, yerli özünüidarəetmə orqanlarında gender komissiyalarının fəaliyyəti çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumatları diqqətə çatdırıblar.

Çıxışlardan sonra Dövlət Komitəsi və GİZ-in birgə əməkdaşlığı çərçivəsində yaradılan “Genderazerbaijan.com” portalının təqdimatı keçirilib. DÖvlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Sevil Rəsulzadə Azərbaycanda ilk dəfə olaraq gender bərabərliyi sahəsində yaradılan dövlət portalının fəaliyyət mexanizmi, yaradılması məqsədləri, bu istiqamətdə fəaliyyət göstərən gender məsul şəxslər arasında koordinasiyanın təşkil edilməsi və informasiya resursu kimi mühüm rolunu qeyd edib.

Konfrans müzakirələrlə davam edib. 

Details