“Güclü cəmiyyətin zərif simaları” layihəsi davam edir
Mayın 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Zaqatala rayonunda görüş keçirilib.
Tədbirin açılışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi və yerli icra orqanının nümayəndələri çıxış ediblər.
Çıxışlarda dövlət tərəfindən həyata keçirilən uğurlu qadın siyasətindən, qadınların səlahiyyətləndirilməsi və öz potensiallarını reallaşdırmaları üçün yaradılan imkanlardan danışılıb, bu istiqamətdə aidiyyəti qurumlar və ictimai birliklər tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətinə diqqət çəkilib.
Görüşün davamında fərqli sahələrdə uğur qazanan qadınlar - Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova və “Qadın Gündəliyi” - Milli Dialoq Platformasının sədri, “FemACT”Azərbaycan Qadın Fondunun təsiscisi Pərvanə Məmmədova TEDx formatında çıxış edərək öz uğur hekayələri və təcrübələrini görüş iştirakçıları ilə bölüşüblər.
Qeyd edək ki, layihənin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etməkdir.
Növbəti görüşlərin Sumqayıt, Mingəçevir şəhərlərində, Şəki, Qax, və Masallı rayonlarında keçirilməsi nəzərdə tutulur.