16 oktyabr Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilib.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq, konfransın işinə uğurlar arzu edib. O, COP29-un iqlim dəyişikliyi, su ehtiyatları, gender bərabərliyi və təhsil sahəsindəki qlobal problemləri həll etmək üçün dünya ölkələrini, ictimaiyyətin bütün təbəqələrini birləşdirmək və ortaq məqsədlər ətrafında həmrəy etməyə istiqamətlənmiş vacib bir platforma olduğunu qeyd edib.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini vurğulayan B. Muradova, Prezident cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi çoxtərəfli fəaliyyətdən, həmçinin həyata keçirilən genişmiqyaslı layihələrdən danışıb.
Qadınların tarixən cəmiyyətdə suya ehtiyacı ödəmək, toplamaq və saxlamaq, səmərəli istifadə və qənaət etmək kimi funksiyaları öz üzərinə götürdüyünü söyləyən B.Muradova əlavə edib ki, çiynində səhənglə bulaqdan su götürən qadınlara hər zaman şeirlər həsr edilib. O, bunun cəmiyyət tərəfindən bir nümunə kimi qəbul edilməsinə baxmayaraq, bu gün zamanın və inkişafın öz diqtəsini etdiyini, qadınların su resurslarının idarə edilməsində və qərarların qəbulunda daha çox təmsil olunmasının bu sahədə görülən işlərə böyük töhfə verə biləcəyini vurğulayıb.
B.Muradova su və ekoloji sahədə çalışan mütəxəssislərin gender bərabərliyini nəzərə alaraq qərar verməsi və davamlı inkişaf prinsiplərinə uyğun fəaliyyət göstərməsinin həlledici əhəmiyyətə malik olduğunu və ADA Universiteti kimi nüfuzlu təhsil ocaqlarında iqlim dəyişiklikləri, su ehtiyatlarının idarə edilməsi və gender bərabərliyi üzrə proqramların inkişafının bu istiqamətdəki ehtiyacların qarşılanmasına böyük dəstək verə biləcəyini qeyd edib.
Komitə sədri çıxışının yekununda gender bərabərliyinin su siyasətinə inteqrasiya üçün vacib təkliflər səsləndirərək, vurğulayıb ki, təhsildə və su idarəçiliyində bərabər imkanların yaradılması, yüksək ixtisaslı mütəxəssis hazırlığının təşviq edilməsi və qadınların bütün bu proseslərdə təmsilçiliyinin artırılması davamlı dünya qurmağın əsaslarından biridir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov həm dünya ictimaiyyəti, həm də ölkəmiz üçün getdikcə aktuallaşan mövzuda çıxış etməkdən məmnunluğunu ifadə edib. Təmiz suya çıxışın dünyada milyonlarla insan üçün problem olaraq qaldığını bildirən Z.Mikayılov, su ehtiyatlarına əlçatanlığın mahiyyət etibarı ilə gender bərabərliyi ilə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, bu məsələ həm insan hüquqları, həm də davamlı inkişafın təmin edilməsi üçün açardır və genderə həssas su siyasətini təmin etməklə bu bərabərsizlikləri aradan qaldırmaq mümkündür.
Ölkəmizin son illərdə vətəndaşlar üçün su ehtiyatlarına əlçatanlığın yaxşılaşdırılması sahəsində mühüm irəliləyişlər əldə etdiyini bildirən sədr, ailə təsərrüfatlarında sudan istifadənin əsas tənzimləyicisi olan xanımların son illərdə yerli idarə və icmalarda, o cümlədən Agentliyin aparatında suyun idarə olunması ilə bağlı proseslərdə daha çox iştirak etdiyini dilə gətirib.
İqlim dəyişikliyinin təsirlərinin insanlara ötürülməsində əsas vasitənin su olduğunu bildirən COP29-un baş icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov qeyd edib ki, okean səviyyəsinin artması, Xəzər və Urmiya göllərinin səviyyəsinin azalması, şirin su resurslarının azalması, quraqlıq, sel, tufan və qasırğalar kimi hadisələrin hamısı su ilə bağlıdır. İqlim dəyişikliyinin təsirlərindən ən çox əziyyət çəkənlərin qadınlar olduğunu bildirən E. Soltanov, bunu qadınların su ilə bağlı məsələlərdə qərar qəbuletmə prosesində daha az rol oynaması ilə əlaqələndirib.
Universitetlərin cəmiyyətdə aparıcı qüvvə, platforma olduğunu qeyd edən ADA Universitetinin icraçı prorektoru, Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Fariz İsmayılzadə, konfransın universitetdə keçirilməsinin təsadüfi olmadığını deyib. O, bu sahədə universitetlər arasında əməkdaşlığın, birgə tədqiqatlar aparılmasının önəmini vurğulayaraq, ADA Universitetinin COP29 çərçivəsində Azərbaycan universitetlərinin iqlim problemləri mövzusunda assosiasiyasının yaradılacağını diqqətə çatdırıb. Çıxışının sonunda F.İsmayılzadə, birgə əməkdaşlıqla, gənc nəsli də bu işlərə cəlb edərək problemlərin həll oluna biləcəyinə ümidini ifadə edib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova suya əlçatanlığın bütün dünyada ən böyük problem olduğunu diqqətə çatdıraraq, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Prezident Sərəncamının ölkəmizdə suya əlçatanlığın təmin olunmasına böyük töhfə verəcəyini bildirib. Sonda millət vəkili su və su ehtiyatlarının qorunmasında qənaət mədəniyyətinin formalaşmasının, maarifləndirmənin önəmli olduğunu bir daha xatırladıb.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi vəzifəsini müvəqqəti icra edən Nasar Hayat konfransın qadınların su resurslarına bərabər çıxışı və qərarvermə prosesində iştirakının təmin edilməsi ilə bağlı məsələləri daha dərindən araşdırmaq, su çatışmazlığının iqlim dəyişikliyi və nəticə etibarilə gender bərabərsizliyi ilə necə bağlı olduğunu müzakirə etmək imkanı yaratdığını bildirib. COP29 təşəbbüslərindən biri olan “Su üçün İqlim Təsiri” təşəbbüsünün Baku Dialoqu ilə birgə bir Bəyannamə ilə nəticələnəcəyini görməkdən məmnunluğunu ifadə edən N.Hayat, gender bərabərliyinin də bunun mərkəzində olacağına inandığını deyib.
Konfrans panel sessiya ilə davam edib.