20 iyul 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Almaniya Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı çərçivəsində “Qadınların yerli idarəetmədə iştirakının artırılması” mövzusunda dəyirmi masa keçirilib. Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova gender bərabərliyinin təmin olunması, qadınların ictimai həyatda iştirakının və fəallığının artırılması istiqamətində Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanda gender problemləri ilə bağlı sistemli və əlaqələndirilmiş işin aparılması məqsədilə Respublikanın 30 rayon və şəhərində bələdiyyələrdə Gender komissiyaları yaradılıb. S. Qəhrəmanova risk qrupundan olan ailələrin müəyyən edilməsində bələdiyyələrin rolunu xüsusi qeyd edib. Sədr müavini məişət zorakılığının qarşısının alınmasında və ailələrdə gender münasibətlərinin formalaşmasında, eyni zamanda yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyinin artırılmasında gender komissiyalarının əhəmiyyətini vurğulayıb. Eyni zamanda bu istiqamətdə dövlət qurumları ilə bərabər vətəndaş cəmiyyəti institutlarının və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin zəruriliyi qeyd olunub. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı Fəridə Hacıyeva çıxış edərək, Nazirlik tərəfindən bələdiyyələrlə mütəmadi həyata keçirilən maarifləndirmə tədbirləri, hazırlanan metodoloji vəsaitlər haqqında məlumat verib. O bildirib ki, ötən illər ərzində ölkəmizdə qadınların yerli özünüidarəetmədə iştirakının artırılması, onların iqtisadi səlahiyyətləndirilməsi üzrə müsbət nəticələr əldə edilib. Bu istiqamətdə bələdiyyələrin maarifləndirilməsi, onların fəaliyyətinin təşkilinə kömək, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasının vacibliyi vurğulanıb. Daha sonra Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov bələdiyyələrdə yaradılan gender komissiyalarının potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin rolunu qeyd edib. O, qadınların yerli idarəetmədə təmsilçiliyində mövcüd problemlər və təkmilləşdirilməsi üçün mümkün həll yolları barədə danışıb. Dəyirmi masada dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər. Tədbir müzakirələrlə davam edib.