Details
  • 18 Sentyabr 2023

Azərbaycan Qadınlarının I Qurultayının keçirilməsindən 25 il ötür.

Müstəqil Azərbaycan Qadınlarının I Qurultayının keçirilməsindən 25 il ötür.
“Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda gələcəyin qadın hərəkatının əsasını qoyublar, qadınların cəmiyyətdə fəallığının, onların cəmiyyət və dövlətin həyatında iştirakının əsasını qoyublar. Siz bunun əsasını qoymusunuz, böyük iş görmüsünüz. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm”.
Bu sözləri Ulu Öndər Heydər Əliyev 1998-ci il sentyabrın 14-də baş tutan və iki gün davam edən Azərbaycan Qadınlarının I Qurultayında səsləndirmişdi.
Qadınların hər zaman aparıcı qüvvə olduğunu deyən Ümummilli Liderimiz onların potensialını olduqca yüksək qiymətləndirirdi. Onun ölkəmizə rəhbərlik etdiyi dövrə, genişmiqyaslı və çoxşaxəli fəaliyyətinə nəzər saldıqda bir daha şahidi oluruq ki, bütün vətəndaşların, o cümlədən qadınların ictimai-siyasi həyatda iştirakı, dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə bərabər hüquqlarının təmin edilməsi məsələləri dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən edilmişdi.
Məhz Ulu Öndərin təşəbbüsü ilə müstəqil Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artırılmasına böyük təkan verən, eyni zamanda Ümummilli Liderimizin rəhbərliyi ilə keçirilən müzakirələr və bütün təbəqələrdən olan qadın nümayəndələrin çıxışlarında səslənən təkliflər əsasında vacib qərarların qəbul edilməsi ilə əlamətdar olan bu mötəbər tədbir qadın hərəkatının və bütövlükdə tariximizin ən parlaq səhifələrindən birinə çevrilmişdir.
İki mindən artıq nümayəndənin və istisnasız olaraq bütün dövlət rəsmilərinin qatıldığı bu qurultay qadınların fəallığı və onların üzləşdiyi problemlərin təhlili baxımından mühüm əhəmiyyət daşıyırdı.
Heydər Əliyevin təbirincə həmin gün gələcəyin qadın hərəkatının əsasını qoyan bu qurultaydan sonra ardıcıl olaraq 2003, 2008, 2013 və 2018-ci illərdə Azərbaycan Qadınlarının dörd qurultayı keçirildi. Bu illər ərzində ölkəmiz və xalqımız Heydər Əliyev ideyaları ilə inkişafın ən yüksək zirvələrinə doğru böyük bir yol keçdi.
Azərbaycan qadınları da bu ideyalara sadiq, vicdanlı və məsuliyyətli vətəndaş kimi öz üzərinə götürdüyü missiyaları layiqincə yerinə yetirməklə bu inkişafa böyük töhfələr verdilər.
Azərbaycanın hərb və siyasi tarixinin ən şərəfli günlərini yaşadığımız bu əlamətdar dövr qarşımıza yeni vəzifələr qoymaqla onları yerinə yetirmək üçün yeni missiyalar müəyyənləşdirməyi tələb edir.
Bunu nəzərə alaraq, 19 oktyabr 2023-cü il tarixində Azərbaycan Qadınları özünün növbəti VI Qurultayına toplaşacaq.
Ulu Öndər Heydər Əliyevin 100 illik və Azərbaycan Qadınlarının I Qurultayının 25 illiyinə həsr olunmuş bu Forum “Gülüstan” sarayında keçiriləcək.

Details