Details
  • 30 Yanvar 2024

Qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunmuş dəyirmi masa keçirilib

29 yanvar 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Mərkəzi Seçki Komissiyasının birgə əməkdaşlığı ilə qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunmuş dəyirmi masa keçirilib.


Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar olaraq təşkil edilən tədbiri salamlama nitqi ilə açan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycan qadınlarının ölkəmiqyaslı tədbirlərdə daim aktiv olmasının sevindirici hal olduğunu qeyd edərək, seçki prosesində də bu fəallığın nümayiş etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, seçki komissiyalarında qadınların təmsilçiliyinin 40 faizi keçdiyini, xüsusilə də komissiyanın katib və sədrliyi səviyyəsində qadınların iştirak göstəricilərinin yüksək olduğunu diqqətə çatdırıb.


Builki seçkinin Azərbaycan tarixində xüsusi bir səhifə olduğunu deyən sədr, torpaqlarımızın işğaldan azad edildikdən sonra ilk dəfə keçirilən prezident seçkilərini “Zəfər seçkiləri” kimi qiymətləndirib. Ölkəmizdə seçkilərin hər zaman beynəlxalq standartlar çərçivəsində və şəffaf formada keçirildiyini bildirən M. Pənahov əhalinin səsvermədə rahat iştirakının təmin edilməsi üçün Qarabağda da müvafiq şəraitin yaradıldığını, ümumilikdə isə ölkədə 6300-dən çox seçki məntəqəsinin olduğunu qeyd edib.


Daha sonra çıxış dən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün Azərbaycanın öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu bildirib. Vurğulayıb ki, biz Şərqdə ilk demokratik Cümhuriyyət quran və bir çox dünya ölkələrindən öncə qadınlara kişilərlə bərabər seçmək və seçilmək hüququ verən bir Cümhuriyyətin varisləriyik. O bildirib ki, tarixən qarşıya qoyulan arzulara və milli ideyalara, hədəflərə Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən və Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra nail oldu.


Qısa müddət sonra ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərinə diqqət çəkən B.Muradova qeyd edib ki, ilk dəfədir suveren hüquqlarını bərpa edən, qalib Azərbaycanın sərhədlərinə daxil olan bütün ərazilərində seçki keçirilməkdədir: “Biz seçki hüququmuzu qanunların müəyyən etdiyi çərçivədə reallaşdırmağa çalışmalıyıq. Bu, gələcəyimizi yüksək səviyyədə inkişaf etmiş, hər bir vətəndaşı rifah içərisində yaşayan, bir qarış torpağı belə yenidən işğala məruz qalmayacaq bir ölkə qurmaq üçün bizə lazımdır” - deyə Komitə sədri əlavə edib.


Növbədənkənar seçkilərin elan edildiyi gündən Komitə tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdıran sədr, qısa zaman öncə qadınların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin birləşərək yaratdığı “Bərabər İnkişaf Naminə” Koalisiyasının da bu prosesdə aktiv iştirakını vurğulayıb.


Çıxışının sonunda bugünkü tədbirin seçki prosesinə verilən töhfələr içərisində öz yeri olduğunu bildirən B.Muradova, Azərbaycan qadınlarının hər bir ölkə vətəndaşı kimi seçici hüquqlarından və vəzifələrindən səmərəli istifadə edəcəyinə inamını ifadə edib.


Daha sonra tədbirin gündəliyinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, “Gender və İqtisadiyyat” İctimai Birliyinin sədri Təranə Kərimova, “Gənc Demokratlar İnstitutu” İctimai Birliyinin sədri Yeganə Hacıyeva, “Kamillik” Cəmiyyətinin sədri Əsmətxanım Məmmədova iştirakçılara seçki hüququnun mənsubiyyəti, onun təmin edilməsi və reallaşdırılmasının əsasları, qadınların seçkilərdə fəallıqlarını daha da artırması üçün imkanlar və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər.Tədbirdə qadın təşkilatları, vətəndaş cəmiyyəti institutları və ictimai birliklərin nümayəndələri, habelə media mənsubları iştirak edib.

Details