26 aprel 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əqli Mülkiyyət Agentliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “Qadınlar və əqli mülkiyyət. İnnovasiya və yaradıcılıq” mövzusunda konfrans keçirilib.
Açılış nitqi ilə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfrans iştirakçılarını salamlayaraq, bildirib ki, “Ümumdünya kitab və müəlliflik hüququ günü” və “Beynəlxalq əqli mülkiyyət günü” ərəfəsində keçirilən tədbirlərin əsas məqsədi əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasına dəstək vermək, biliklər cəmiyyətində əqli mülkiyyətin kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əvəzedilməz əhəmiyyətini qabarıq göstərməkdir. O, bu ilki tədbirlərin isə dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Hazırki reallıqların Ümummilli liderin qələbəsi olduğunu, onun fikir və düşüncələrinin cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və varidatına çevriliyini diqqətə çatdırıb.
Konfransın mövzusuna diqqət çəkən K. İmanov bilirib ki, “Beynəlxalq əqli mülkiyyət günü”nün “Qadınlar və əqli mülkiyyət. İnnovasiya və yaradıcılıq” devizi altında keçirilməsi ÜƏMT-nin açıqlamasında xüsusi qeyd olunur: “Həqiqətən, qadınların gözündə ideyanın da həmişə siması var və bu səbəbdən bəşər kitabının mündəricatı qadınlardır. Cənab Prezident vurğulamışdır ki, Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəlmişlər. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri vardır”- deyə o əlavə edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək, Ulu öndər Heydər Əliyevin 100 illiyi dönəmində belə tədbirin keçirilməsinin təsadüfi olmadığını vurğulayıb. Ümummilli liderin ən böyük xidmətinin müstəqil Azərbaycan dövlətini qurmaq, azərbaycanlıların azad yaşamaq hüququnu ona qaytarmaqdan ibarət olduğunu dilə gətirən Bahar Muradova, onun ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının bərqərar olunması, eləcə də bu hüquqların tərkib hissəsi kimi əqli mülkiyyət hüququnun təminatı istiqamətində fəaliyyətlərindən bəhs edib. O, Heydər Əliyevin prezidentliyi zamanında əqli mülkiyyətin iqtisadi təsirlərinin əhəmiyyətini, eyni zamanda perspektivin informasiya məkanının inkişafından asılı olacağını anlayaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün mühüm addımlar atdığını, müvafiq təşkilatı yaradaraq, inkişafa töhfə verdiyini söyləyib.
Komitə sədri bildirib ki, qadınların innovasiya yaradıcılıq sahəsində uğur qazanması üçün lazım olan əsas faktorlar siyahısına istedad və bacarıq; əlverişli mühit; cəmiyyət və dövlətin prioritetləri daxildir. Qadınların təbii vəzifələri, öhdəlikləri onların dövlət, cəmiyyət qarşısında vəzifələrini bir qədər kölgədə qoyur. Əlavə edib ki, bu gün rəqəmsal texnologiyalar sözügedən bir sıra problemləri aradan qaldırır. Pandemiya dövründə qadınlar evdən çıxmadan bu və ya digər sahədə öz fəaliyyətlərini davam etdirdilər.
Bahar Muradova Dövlət Komitəsi olaraq, Azərbaycanda istər əqli mülkiyyətin inkişafı və bu sahədə öhdəliklərin yerinə yetirilməsi, istərsə də qadınların bu sektorda iştirak faizinin artırılması məqsədilə müvafiq fəaliyyətdə maraqlı olduğunu diqqətə çatdırıb. Komitə sədri əqli mülkiyyət sahiblərinin Agentliklə əməkdaşlığa maraq göstərməli olduqlarını, xüsusilə də qadınlarımızın ixtiraçı kimi potensialını dərk edərək, fəal iştiraka can atmalarını bildirib.
Daha sonra çıxış edən mədəniyyət naziri Adil Kərimli mövzunun aktuallığına toxunaraq qeyd edib ki, xüsusilə həssas mövzuları üzə çıxarıb onun həllinə istiqamətlənən mexanizmləri təqdim etmək hər zaman təqdirəlayiqdir. Cəmiyyətin inkişafında qadınların rolundan bəhs edən nazir, Azərbaycan qadınlarının bir çox dəyərlərin, eləcə də mədəni dəyərlərin və əqli mülkiyətin yaradılmasında böyük töhfəsi olduğunu diqqətə çatdırıb. A. Kərimli bildirib ki, qadınların istənilən sferalara bərabərhüquqlu fərd kimi öz töhfələrini vermələri üçün dövlətimizdə kifayət qədər imkanlar və hüquqi mexanizmlər mövcuddur.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda qadınların elm və təhsildə iştirakının özünəməxsus tarixi var. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə qadınların bilik səviyyəsinin daha da artırılmasına, onların elmin müxtəlif sahələrində çalışmasına xüsusi diqqət yetirirdi: “Həmin dövrdə Azərbaycan qadını bir çox ilklərə imza atdı, ixtiralar, elmi kəşflər etdi. Bu qadınların əsərləri, patentləri dünyada tanındı. Onlardan biri də bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycanın ilk qadın oftalmoloqu, akademik Zərifə xanım Əliyeva idi”.
O qeyd edib ki, hazırda bütün sahələrin inkişafında intellektə, xüsusilə süni intellektə, informasiya və kommunikasiya texnologiyalarına, yeni elmi ixtiralara və onların yaradıcılarına ciddi ehtiyac yaranıb. Dövlətimiz tərəfindən həyata keçirilən innovasiya siyasəti yeni bilik və texnologiyaların istehsalı, yayılması və tətbiq edilməsi üçün lazım olan şəraitin yaradılmasını nəzərdə tutur. Sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olmalıdır.
Daha sonra Əqli Mülkiyyət Agentliyinin Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri Nadirə Bədəlbəyli “Qadın və əqli mülkiyyət: qadın yazıçı, şair və bəstəkar”, AQUPDK-nın aparat rəhbəri Ceyran Rəhmətullayeva “Qadın və əqli mülkiyyət: qadın yaradıcılığının inkişafında dövlətin və ailənin rolu”, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Gülnarə Rüstəmova “Qadın və əqli mülkiyyət: qadın ixtiraçı” mövzuları üzrə çıxış ediblər. Bildirilib ki, 1992-2022-ci illər ərzində qadın müəlliflərə məxsus olan dövlət qeydiyyatından keçirilmiş 3214 əsərin təsnifatı üzrə rəqəmlərə nəzərə saldıqda, aydın olur ki, 36%-i ədəbi əsərlər, 29%-i musiqi əsərləri, 11%-i isə elmi əsərlər təşkil edir və ən aşağı göstərici isə 2% dekorativ tətbiq/dizayn əsərləri, 3% isə digər növlər üzrədir. Eyni zamanda diqqətə çatdırılıb ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər” sənədinə əsasən, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair reallaşdırılmalı olan beş milli prioritet siyahısında rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması mühüm yer alır.
Eyni zamanda Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktorunun müavini Nərgiz Hacıyeva “Qadın və əqli mülkiyyət: sahibkar qadının fəaliyyətində əmtəə nişanının rolu”, Elm və Təhsil Nazirliyinin Təhsil islahatlarının koordinasiyası sektorunun müdiri Leyla Xəlilova “Qadın və əqli mülkiyyət: qadın tədqiqatçılar” mövzuları üzrə çıxış edərək, qadın sahibkarlığının inkişafı və elmdə qadınların rolunun artırılması kimi vacib məqamlara toxunublar.
Konfrans interaktiv fikir mübadiləsi ilə davam edib.