26 avqust Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür.
Müasir Azərbaycan qadını obrazını layiqincə təmsil edən Mehriban xanım Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rol oynamaqla, eləcə də ölkəmizin inkişafı naminə yorulmaz fəaliyyəti ilə hər kəs üçün parlaq örnəkdir. O, Vətənə qəlbdən bağlılığı, milli ənənələrə xüsusi sevgisi, mərhəməti ilə kübarlıq və fədakarlıq, humanizm və
əsl vətənpərvəlik kimi keyfiyyətləri öz xarakterində birləşdirib.
Mehriban xanım çoxşaxəli fəaliyyətində ilk növbədə şəhid və qazi, o cümlədən aztəminatlı ailələrə və xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğını önə çəkir, onların yaşayış şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələrlə ictimaiyyətin sonsuz sevgisini qazanmağa müvəffəq olmuşdur.
Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsili, gənc nəslin sağlam ruhda təlim-tərbiyəsi, valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıq imkanları məhdud uşaqların xidmətlərə əlçatanlığının, eləcə də sosial-psixoloji reabilitasiyasının təmin edilməsi və digər mühüm istiqamətlərdə icra edilən layihələrin əhəmiyyəti cəmiyyətimiz üçün danılmazdır.
Onun təşəbbüsü ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mədəni irsimizin təbliği istiqamətində həyata keçirilən layihələr regionda sülh və sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, həmçinin ölkəmizdə mədəniyyətlər, dinlər və konfessiyalararası dialoqun daha da inkişaf etdirilməsinə yönəlib.
Mehriban xanımı doğum günü münasibətilə ürəkdən təbrik edir, doğma Vətənimizin tərəqqisi yolunda atdığı bütün addımlarda müvəffəqiyyətlər arzulayırıq.