28 yanvar 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin əməkdaşlığı ilə birgə ”Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsi çərçivəsində Sumqayıt Qadın Resurs Mərkəzi açılmışdır. Mərkəz qadınların səlahiyyətləndirilməsinə və onların iqtisadi dayanıqlılığının artırılmasına xidmət edəcək, eyni zamanda gender əsaslı zorakılığa məruz qalmış qadınlara dəstək göstərəcəkdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin İnkişaf Proqramı ilə birgə 2021-ci ildən etibarən Füzuli, Ağcabədi, Tərtər (Bərdə və Ağdam rayonları əhatə olunmaqla) rayonlarında “Azərbaycanın Füzuli-Horadiz, Ağcabədi və Tərtər rayonlarında əhalinin həssas qruplarının erkən bərpa və icma dayanıqlılığının təmin edilməsi” adlı layihə həyata keçirir.
Layihənin əsas məqsədi Füzuli, Ağcabədi və Tərtər (Bərdə və Ağdam əhatə edilməklə) rayonlarında İcma Resurs Mərkəzləri (İRM) yaratmaqla ilkin bərpa və icma dayanıqlılığı proqramını qısa zamanda həyata keçirərək böhranın başladığı andan etibarən ən çox zərər çəkmiş əhalinin mövcud zəruri ehtiyaclarını ödəməkdən ibarətdir. Eyni zamanda zərəçəkmiş insanlara, xüsusilə də qadınlara, uşaqlara və sağlamlıq imkanları məhdud olan şəxslərə psixoloji, sosial xidmət göstərəcəkdir. Əhalinin məşğulluğunun təmin edilməsinə və iqtisadi fəallığının artırılmasına dəstək məqsədilə ailə təsərüfatının və biznes fəaliyyətinin inkişafı ilə bağlı məsləhət xidmətlərinin göstərilməsini təmin edəcəkdir.
29 noyabr-3 dekabr 2021-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Avropa İttifaqı və Avropa Şurasının əməkdaşlığı ilə birgə “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində “Gender stereotipləri, qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair maarifləndirmə” mövzusunda regionlarda seminarlar keçirmişdir. Seminarlar Qəbələ, Zaqatala rayonlarında, Şəki şəhərində və Şəkinin Qoxmuq kəndində (Qəbələdə 1, Zaqatalada 1, Şəkidə 3 olmaqla cəmi 5 seminar) keçirilmişdir. Seminarlarda vətəndaş cəmiyyətinin və ictimaiyyətin nümayəndələri, jurnalistlər, kənd məktəbinin şagird və müəllimləri olmaqla 130 nəfər iştirak etmişdir. Seminarlarda qadınlara qarşı zorakılıq haqqında film nümayiş etdirilmiş və sonda sual-cavab əsasında müzakirələr aparılmaqla interaktiv şəkildə davam etdirilmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Əməkdaşlıq Təşkilatı (GİZ) ilə birgə “Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə Proqramı” çərçivəsində 10 dekabr 2021-ci il tarixində Lənkəran şəhərində (Lənkəran-Astara iqtisadi rayonu) seçilmiş bələdiyyələrdə yaradılmış Gender Komissiyalarının nümayəndələri üçün bələdiyyələrin hüquq və vəzifələri, gender bərabərliyi, liderlik mövzularında təlim keçirilmişdir. Təlimdə yerli özünüidarəetmə orqanlarında Gender Bərabərliyi Komissiyasının mahiyyəti, beynəlxalq konvensiya və milli qanunvericilik aktları, bələdiyyələrdə gender məsələləri üzrə məsul şəxslərin hüquq və vəzifələri mövcud problemlər, çıxış yolları və bu istiqamətdə təcrübə mübadiləsinin mühüm əhəmiyyəti barədə məlumat verilmişdir.Təlimdə 20 nəfər bələdiyyə sədri və üzvü olan kişi və qadın iştirak etmişdir.