Azərbaycan Respublikasının Konstitusiyası qadınlarla kişilər arasında bərabərlik prinsipini təsbit edir. Konstitusiyanın 25-ci maddəsi kişilərlə qadınlar arasında bərabərlik prinsipini və istənilən növ ayrı-seçkiliyin yolverilməzliyini bir daha təsdiq edir və kişilərlə qadınların bərabər insan hüquqları və fundamental azadlıqlardan istifadə etmələrini təmin edir. Konstitusiyaya əsasən irq, milliyyət, din, dil, cins, mənşə kimi amillərindən asılı olmayaraq ayrı-seçkilik yol verilməzdir.

2006-cı ilin 10 oktyabr tarixində “cinsi mənsubiyyətə görə ayrı-seçkilik” tərifini verən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi və tərif cinsi qısnama, cinsi zəmində hüquqların bərabər həyata keçirilməsini məhdudlaşdıran və ya ona mane olan istənilən fərqləndirmə və üstünlük kimi halları da özündə cəmləşdirməklə daha da genişləndirildi (Maddə 2.0.4).

Gender bərabərliyinin (kişi və qadınların) təminatları haqqında” Azərbaycan Respublikası Qanununun mühüm cəhəti onun həm keçmişdə, həm də indi qadınların insan hüquqlarından və fundamental azadlıqlardan istifadə etmələrinə mane olan, onlara qarşı müəyyən kök salmış ayrı-seçkiliyin təzahürlərinin tanıdılıb ortaya qoyulmasıdır və 3-cü maddə də, müvafiq olaraq, de-facto bərabərliyi sürətləndirmək və qadınlar üçün əsaslı bərabərliyi təmin etmək üçün zəruri olan xüsusi tədbirlərin görülməsini nəzərdə tutur.

Adı çəkilən Qanunun 3-cü maddəsi həm də birmənalı olaraq, müəyyən sahələrdə qadınların xeyrinə bəzi müsbət ayrı-seçkiliyik tədbirlərinin görülməsini nəzərdə tutur.

Bununla həmin maddə aşağıdakıların ayrı-seçkilik xarakterli olmadığını şərtləndirmiş olur:

·                   qadınlar üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş güzəştlər, imtiyazlar və əlavə təminatlar;

·        kişilər üçün həqiqi hərbi (alternativ) xidmətə çağırış;

·        kişi və qadınlar üçün qanunla müəyyənləşdirilmiş fərqli pensiya yaşı;

·        Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 15-ci maddəsinə uyğun olaraq, ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması;

·        kişi və qadınlar üçün cəzaçəkmə müəssisələrində fərqli şəraitin yaradılması;

·        gender bərabərliyinin təmin edilməsi məqsədi ilə xüsusi tədbirlərin həyata keçirilməsi.

 

 

Azərbaycan Respublikası 1995-ci ilin 30 iyun tarixində Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına (CEDAW) qoşulduqdan sonra qüvvədə olan normativ hüquqi aktlara və  formalaşmış təcrübəyə qadınlara münasibətdə ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində dəyişikliklər edilmişdir. Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyası”nın Fakültativ Protokolu Azərbaycan Respublikasının 2001-ci il 16 fevral tarixli Qanunu ilə təsdiq edildikdən sonra isə dövlət qadınların hüquqlarının pozulmasının qarşısının alınması, qadınlara öz hüquqlarından tam istifadə etmək imkanı verən bir mühitin yaradılmasına çalışmışdır. Qadınların cəmiyyətdə hərtərəfli rol oynaması, onların verdiyi töhfələrin qiymətləndirilməsi, öz yaşam tərzləri ilə bağlı seçimlər etməsi və zorakılıq qorxusundan azad yaşaya bilməsinə imkan yaradan cəmiyyət və iqtisadi mühiti yaratmaq öhdəliyinin əsas hissəsi kimi, dövlət qadınların irəli çəkilməsini davam etdirir.

Azərbaycan Respublikası  “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyanı qadınların irəli çəkilməsi və gender bərabərliyi baxımından mühüm sənəd hesab edir. Məhz bu səbəbdən də o Konvensiyadan irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi üçün əlverişli şərait yaratmağa çalışır. 



“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası  Qanunda (2.0.4-cü maddə) cinsi mənsubiyyətə görə ayrı-seçkilik–seksual qısnama, cinsi əlamətə görə hüquqların bərabər həyata keçirilməsini məhdudlaşdıran və ya inkar edən istənilən fərq, istisna və ya üstünlük kimi müəyyən edilmişdir.

Cinsi mənsubiyyətə görə ayrı-seçkilikdən müdafiənin gücəndirilməsi vətəndaşın həyat və iş şəraitinin yaxşılaşdırılmasına xidmət edir ki, bu da ölkəmizin sosial və iqtisadi tərəqqisi üçün xüsusi önəm kəsb edir. Tədqiqatlar göstərir ki, cinsi zəmində ayrı-seçkiliyə kişilərə nisbətdə daha çox qadınlar məruz qalır. 

Azərbaycan Respublikasının qanunvericiliyində cinsi mənsubiyyətinə görə ayrı-seçkilik yolverilməzdir. Bu əməlin törədilməsinə görə qanunvericilikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 154-cü maddəsi).

Qanunun 17-ci maddəsinə görə cinsi-mənsubiyyətə görə ayrı-seçkiliyə məruz qalan şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada zərər ödənilir. Seksual qısnamaya məruz qalmış işçilərə zərər işəgötürən tərəfindən ödənilir.

Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə  cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək daxildir.

Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən əmək münasibətləri prosesində işçilər arasında ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.

Əmək Məcəlləsinin 50-ci maddəsinin 2-ci hissəsinə əsasən işçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. 

Əmək Məcəlləsinin 31-cı maddəsinə əsasən  kollektiv müqaviləyə iş yerində və ya işlə əlaqədar olaraq seksual təhrik məsələlərinə dair izahat işi aparılmasına və informasiya verilməsinə yardım göstərilməsi və belə təhriklərin qarşısının alınması, işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirlərin görülməsi məsələlər üzrə tərəflərin qarşılıqlı öhdəlikləri daxil edilir.

Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi seksual qısnamaya məruz qaldıqda  ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

Əmək Məcəlləsinin 195-ci maddəsinin g) bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçi seksual qısnamaya məruzqaldıqda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 205-ci maddəsinə əsasən seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə təzyiq göstərilməsinə və ya işçinin təqib olunmasına görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilirlər.

 

İnsan hüquqları və azadlıqları, o cümlədən gender bərabərliyi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi müəyyənləşdirilmişdir. “Təhsil haqqında” Qanunda “bərabərlik” təhsilin əsas prinsiplərindən biri kimi müəyyənləşdirilmiş, təsbit edilmişdir ki, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir.

Gənc hamilə qadınlar və gənc analar ali və orta ixtisas təhsili müəssisələrində təhsilin qiyabi forması üzrə təhsil almaq və müəyyən edilmiş qaydalara əsasən təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırma hüququna malikdirlər.

  24 aprel 2018-ci il tarixdə qəbul edilmiş “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda peşə təhsilinin əlçatanlılığının təmin edilməsi və hamı üçün bərabər imkanların yaradılması qeyd edilmişdir. Peşə təhsili müəssisələrinə qəbul prosesi zamanı həm oğlanlar, həm də qızlar üçün ixtisas seçiminə məhdudiyyət qoyulmur, bərabər şərait yaradılır və qəbul meyarları hər ikisi üçün eynidir. Qadınların məşğulluqda iştirakını təşviq etmək üçün peşə təhsilinə qəbul zamanı qadın və kişilər üçün ixtisasdan asılı olmayaraq eyni qəbul meyarları təmin edilir. Qadınlar istənilən yaşda ixtisasartırma ilə bağlı peşə kurslarına qəbul olub müvafiq ixtisaslar üzrə təhsil ala bilərlər. Onlar üçün 9 aylıq peşə təhsili üçün tədris proqramları mövcuddur.

Qadınların təhsilə və əmək bazarına cəlb edilməsi məqsədilə valideyn, müəllim və işəgötürənlər arasında müxtəlif maarifləndirici və peşəyönümü tədbirlər təşkil edilir. Bu kimi tədbirlərdə qızların maraq göstərdiyi ixtisaslar, əmək bazarında qadın əməyi tələb edilən ixtisaslar təşviq edilir, eləcə də qeyri-ənənəvi ixtisaslara qadınların cəlb edilməsi üçün peşəyönümü tədbirləri həyata keçirilir.