1. İstanbul Konvensiyası nədir?

 Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 7 aprel 2011-ci il tarixində qəbul olunmuş İstanbul Konvensiyası gender stereotiplərindən qaynaqlanan qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması, habelə qadınların müdafiəsi üçün hüquqi öhdəlik yaradan sənəddir.


2. İstanbul Konvensiyası zorakılığa qarşı hansı tədbirləri nəzərdə tutur?

Konvensiya zərərçəkmişlərlə işləyən mütəxəssislərin təlimatlandırılması və müntəzəm olaraq maarifləndirmə işlərinin aparılması üçün qabaqlayıcı tədbirləri, zərərçəkmişlərin müdafiəsi və onlara dəstəyin göstərilməsi ilə bağlı müdafiə tədbirlərini və zorakılıq törədən şəxslərə qarşı cinayət təqibini nəzərdə tutur.


3. İstanbul Konvensiyası qadınlara qarşı zorakılıq və məişət zorakılığı kimi hansı halları nəzərdə tutur?

Fiziki zorakılıq, psixoloji zorakılıq, cinsi qısnama, cinsi zorakılıq, erkən və məcburi nikah, qadın sünnəti, məcburi abort və məcburi sterilizasiya kimi hallar Konvensiyada qadınlara qarşı zorakılığın və məişət zorakılığının əsas formaları olaraq nəzərdə tutulur.


 4.       İstanbul Konvensiyasında “gender” termini özündə nəyi ehtiva edir?

Konvensiyada “gender” cəmiyyətdə qadınlar və kişilər üçün müəyyən edilmiş rollar, davranışlar, fəaliyyətlər və xüsusiyyətlər əsasında formalaşdırılmış sosial cinsə dəlalət edir. Belə ki, bioloji cinsdən fərqli olaraq, sosial cins cəmiyyətin qadın və kişi üçün münasib bildiyi çərçivə və qaydalar əsasında formalaşır.


5. İstanbul Konvensiyasının müddəaları yalnız qadınlarımı müdafiə edir?

Konvensiya əsasən qadına qarşı ayrı-seçkilik nəticəsində meydana çıxan məsələləri (məcburi abort, qadın sünnəti və s.), eyni zamanda daha çox qadınların məruz qaldığı zorakılıq formalarını (cinsi zorakılıq və zorlama, cinsi qısnama, məcburi nikah, məcburi sterilizasiya) əhatə etdiyi üçün əsasən qadınların müdafiəsinə yönəlib. Lakin, Konvensiyada kişilərin də sənəddə əks olunmuş bir sıra zorakılıq formalarına məruz qaldığını nəzərə alaraq, iştirakçı dövlətləri aidiyyəti müddəaların kişilər, uşaqlar, yaşlılar da daxil olmaqla bütün məişət zorakılığı qurbanlarına aid edilməsinə çağırır.


6. İstanbul Konvensiyası ölkələrin mədəniyyəti və adət-ənənələrinə qarşı yönəlibmi?

Lakin Konvensiya “mədəniyyət, adət-ənənə, din və namus” kimi məvhumların hər hansı bir zorakılıq aktına bəraət qazandırmasına qarşı yönəlib.


7. İstanbul Konvensiyası ailə dəyərlərinə qarşı çıxırmı və ya iştirakçı dövlətlər qarşısında “ailə” termini üçün müəyyən bir tərifi qəbul etmək kimi öhdəlik qoyurmu?

Konvensiyada “ailə” anlayışının tərifi verilmir, habelə iştirakçı dövlətlərdən “ailə” anlayışını hər hansı spesifik şəkildə müəyyən etmək tələb olunmur.


8. İstanbul Konvensiyası ölkələrin konstitusiyalarına dəyişikliklər edilməsi ilə bağlı öhdəlik yaradırmı?

Konvensiya ratifikasiya olunduğu halda, əksər beynəlxalq sazişlər kimi, həmin ölkənin qanunlarının bir hissəsinə çevrilir və iştirakçı dövlət üçün yalnız həmin sahədə işlərin görülməsi üçün hüquqi öhdəlik yaradır.


9. İstanbul Konvensiyası iştirakçı dövlətlər qarşısında məktəblərdə cinsi oriyentasiya və gender kimliyi ilə bağlı dərslərin keçirilməsinə dair öhdəlik qoyurmu?

Konvensiya yalnız qadınların kişilərdən daha aşağı statusa malik olması təfəkkürünə qarşı və qadınların “idarə olunması” və ya “cəzalandırılması” kimi halların əsaslandığı stereotiplərə son qoyulmasını nəzərdə tutan, habelə gender bərabərliyini təşviq edən təhsil və maarifləndirməni tələb edir.


10. İstanbul Konvensiyası cinsi oriyentasiya və gender kimliyi məsələlərini  təbliğ edirmi?

Konvensiyada yalnız əksər beynəlxalq insan hüquqları instrumentlərində olduğu kimi cinsinə, irqinə, dilinə, dininə, siyasi və ya digər baxışlarına, milli və ya ictimai mənsubiyyətinə, milli azlıqlara mənsub olmasına, mülkiyyətinə, cinsi oriyentasiyasına, yaşına, sağlamlıq vəziyyətinə, əlilliyinə, ailə vəziyyətinə, miqrant və ya qaçqınlıq statusuna malik olmasına və ya digər statusuna” görə fərdlərə qarşı ayrı-seçkiliyə yol verməmək tələb olunur.


11. İstanbul Konvensiyası abortu təşviq edirmi?

Konvensiyada yalnız məcburi abort qadınlara qarşı zorakılıq əməli olaraq tanınır və bu cür əməllər üzrə cinayət məsuliyyətinin nəzərdə tutulması təşviq olunur.


12. İstanbul Konvensiyası transgender və ya interseks şəxslər üçün yeni “qaçqın statusu”nun nəzərdə tutulmasını təşviq edirmi?

Qadınların üzləşdiyi hadisələr və təcrübələr gender əsaslı zorakılıqla əlaqəli olduğu halda, 1951-ci ildə qaçqınların statusu ilə bağlı qəbul olunmuş Konvensiyaya uyğun olaraq onlara qaçqın statusu almaq hüququ verilə bilər.


Bu təqvim Birləşmiş Millətlər Təşkilatının (BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı, BMT-nin Uşaq Fondu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin İctimai İnformasiya Departamenti) və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə səyləri ilə 2019-cu ildə keçirilən “Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Fəallıq Kampaniyası” çərçivəsində hazırlanıb.

 

İstifadə olumuş ədəbiyyat:

·       Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə üzrə Konvensiyası (İstanbul Konvensiyası)    https://www.coe.int/en/web/istanbul-convention/text-of-the-convention

·       Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə üzrə Konvensiyasına (İstanbul Konvensiyası) dair suallar və cavablar, Avropa və Mərkəzi Asiya üzrə BMT-nin İnkişaf Qrupu, Gender üzrə Koalisiya https://www2.unwomen.org/-/media/field%20office%20eca/attachments/publications/2018/faqs_istanbul%20convention_ibc%20gender.pdf?la=en&vs=4028

·       Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə üzrə Konvensiyasına (İstanbul Konvensiyası) dair suallar və cavablar, Avropa Şurası  https://rm.coe.int/istanbul-convention-questions-and-answers/16808f0b80