Qlobal Trendlər
Qlobal meyllərə nəzər saldıqda məlum
olur ki, 2019-cu ildə dünyada rəhbər vəzifələrin cəmi 28%-ni qadınlar tutub.
1995-ci ildən bəri, bu göstəricidə heç bir dəyişiklik olmayıb. Qlobal səviyyədə,
parlamentdə qadın nümayəndələrin sayı iki dəfə artsa da, 2020-ci ildə
parlamentdə yerlərin 25%-ni keçmək mümkün olmamışdır. Qadınların nazir vəzifələrində
iştirakı son 25 il ərzində dörd dəfə artsa da bərabərlik göstəricisindən hələ
xeyli aşağıdır (22%) .
Dünyada universal ibtidai təhsillə
bağlı əsaslı irəliləyişə nail olunmuşdur. COVİD-19 pandemiyası fonunda təhsil
müəssisələri ilə əlaqəli məhdudiyyət tədbirlərinin təhsilin əlçatanlığı sahəsindəki
geriləməyə gətirib çıxaracağı ehtimal edilir. Lakin mövcud təcrübə göstərir ki,
qızların məktəbə çıxış imkanını əldə etdikdən sonra, oğlanlarla müqayisədə daha
yaxşı müvəffəqiyyət göstəricilərinə malik olacağı ehtimal edilir. Ali təhsil
sahəsində qadınların sayı kişiləri üstələyir və qadınların təhsildə iştirak səviyyələri
daha sürətlə artır. Buna baxmayaraq, qadınlar hələ də elm, texnologiya, mühəndislik,
riyaziyyat (birlikdə "STEM" kimi istinad edilir) sahələrində kifayət
qədər iştirak etmir və dünyada STEM məzunlarının 35%-ni qadınlar təşkil edir.
Qadınlar elmi-tədqiqat və təcrübə-konstruktor işlərində də azlıq təşkil edir və
dünyada tədqiqatçıların üçdə bir hissəsindən də azını tutur.
Mövcud olan beynəlxalq təcrübə göstərir
ki, qlobal səviyyədə qadınların ödənişsiz qayğı və məişət işinə sərf etdikləri
saatların sayı kişilərlə müqayisədə üç dəfəyə yaxın çoxdur (müvafiq olaraq, 4.2
və 1.7 saat). Şimali Afrika və Qərbi Asiyada gender fərqi bundan da yüksəkdir.
COVİD-19 pandemiyası müddətində həm qadın, həm də kişilər üçün ödənişsiz məişət
və qayğı işi artsa da, bu ən çox qadınlara təsir edib. Məişət və qayğı işinin
qeyri-bərabər bölgüsü qadınların əmək bazarında iştirakının qarşısını alır.
2020-ci ilin məlumatlarına görə, əmək qabiliyyətli yaşda olan qadınların cəmi
47%-i, kişilərin 74%-i əmək bazarında iştirak edib.
Bu gender fərqi 1995-ci ildən bəri nisbətən
sabit qalır. Cənubi Asiya, Şimali Afrika və Qərbi Asiya üzrə müvafiq göstərici
daha da aşağıdır: burada qadınların 30%-dən azı əmək bazarında iştirak edir. Bu
gender bərabərsizliklərinin pandemiya səbəbilə daha da kəskinləşdiyi ehtimal
edilir, çünki bir çox qadınlar COVID-19 pandemiyasının və qapanma tədbirlərinin
ən çox təsir etdiyi köməkçi sektorlarda, o cümlədən ödənişli ev işi, yaşayışın
təşkili və ictimai iaşə xidmətləri və pərakəndə ticarət sahələrində çalışır.
Təcrübə göstərir ki, qadınların təhsil
və işlə bağlı seçimlərində irəliləyişlərə, işlərin avtomatlaşdırılmasına və dəyişən
sosial normalara baxmayaraq, qadınların istedadının optimal şəkildə yönəldilməsi
ilə bağlı ən böyük çətinliklər qadınların əmək bazarını tərk etdiyi və ya gəlir
qazanma imkanını ev öhdəlikləri ilə tarazlaşdırmaq üçün daha aşağı ödənişli işləri
qəbul etdiyi zaman meydana çıxır. Perspektiv proqnozlar göstərir ki, məşğulluq
sahəsində gender fərqinin aradan qaldırılması ÜDM-in 35% artmasına səbəb ola
bilər, çünki qadınlar iş yerinə əlavə bacarıqlar gətirirlər. Skandinaviya ölkələrində
qadınlar arasında yüksək məşğulluq səviyyəsi uşağa qayğı üçün dövlət dəstəyi və
ödənişsiz məişət və qayğı işində iştirak edən kişilərin xüsusi çəkisinin daha
yüksək olması ilə səciyyələnir. Bu yanaşma əhali sayının qorunması üçün nəsilvermə
səviyyələrinin saxlanmasına imkan vermişdir.
COVİD-19 ilə bağlı qapanma tədbirləri,
həmçinin, daha çox qadın və qızların intim partnyor zorakılığı ilə üzləşmə
riskinin daha böyük olduğu təhlükəli mühitlərdə təcrid olunmuş vəziyyətdə
qalması ilə müşayiət olunub. Dünyada hər üç qadından biri öz intim partnyoru tərəfindən
fiziki və/yaxud cinsi zorakılığa məruz qalıb. Bundan əlavə, hər gün təqribən
137 qadın öz intim partnyoru və ya ailə üzvü tərəfindən öldürülür. Lakin dəyişən
sosial normaların müsbət əlamətlərindən biri ondan ibarətdir ki, partnyorları tərəfindən
döyülməsini məqbul hesab edən qadınların payı ötən yeddi il ərzində ölkələrin
demək olar ki, 75%-də azalıb. Buna baxmayaraq, məişət zorakılığının aradan
qaldırılmasına istiqamətlənən qanunlar hələ bütün ölkələrdə mövcud deyil. Cəmi
153 ölkə bu qanunlara malikdir və onların səmərəli icrası üçün adekvat
institusional mexanizmlərə malik olan ölkələrin sayı isə daha da azdır. Bu
baxımdan ən böyük boşluqlar Şimali Afrika, Qərbi Asiya və Afrikanın Böyük Səhradan
cənubda yerləşən hissəsində müşahidə olunur.
Oğlan uşaqlarının üstün tutulması, o
cümlədən gender əsaslı cinsi seçim nəticəsində bu gün dünyada 140 milyona yaxın
qadının "dünyaya gəlmədiyi" hesab edilir. 1990-cı illərdə, bəzi ərazilərdə
doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 25% çox olmuşdur. Bu və
digər ənənəvi zərərli təcrübələr son onilliklərdə gender bərabərliyi ilə bağlı əldə
olunmuş nailiyyətlərə kölgə salır.
Müasir dövrdə bütün
sahələrdə olduğu kimi informasiya texnologiyalarının tətbiqində də gender fərqlərinin
öyrənilməsi və gender ekspertizasının həyata keçirilməsi çox aktual məsələdir.
Avropa İttifaqının Rəqəmli Gündəliyinin məlumatına görə dünyada informasiya-kommunikasiya
texnologiyaları sahəsində fəaliyyət göstərən təxminən 10 milyona yaxın insanın
yalnız 30 faizini qadınlar təşkil edir. Onlar İKT sektorunun bütün istiqamətlərində,
xüsusilə rəhbər vəzifələrdə çox az təmsil olunurlar. Beynəlxalq hesabatlara əsasən
tələblər və bacarıqlar arasında fərqlər səbəbindən gələcəkdə İKT sahəsində
ixtisaslı kadr çatışmazlığı meydana gələ bilər. Bütün dünya ölkələrində olduğu
kimi Azərbaycanda da bu məsələlər mühüm əhəmiyyət kəsb edir. Məhz bu baxımdan fəaliyyət
sahələrində olduğu kimi bu istiqamətdə də
məlumatlılıq səviyyəsinin artırılması məqsədilə qadınların və qızların
iştirakı ilə davamlı olaraq maarifləndirmə işləri aparılmalı, startaplar,
inkubasiya mərkəzləri yaradılmalıdır.
Birləşmiş Millətlər Təşkilatının “Qadınlara qarşı
ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya (CEDAW)
(1979-cu il), IV Ümumdünya Qadınlar Konfransında qəbul edilmiş Pekin Bəyannaməsi
və Fəaliyyət Platforması və Minilliyin Bəyannaməsi ölkələrdə gender bərabərliyi
və qadın hüquqlarının təmin edilməsində xüsusi əhəmiyyətə malikdir. Konvensiyanı qəbul etməklə üzv dövlətlər kişi
və qadınların bərabərliyi prinsipini dövlət hüquq sisteminə daxil etmək,
qadınlara qarşı ayrı-seçkiliyi əks etdirən mövcud qanunları, qərarları, adətləri
və təcrübələri dəyişmək, ölkənin siyasi və ictimai həyatında qadınların kişilərlə
bərabər iştirakını təmin etmək kimi öhdəliklər götürmüşdülər.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının
(İƏİT) İctimai Həyatda Gender Bərabərliyinə dair 2015-ci il tarixli Tövsiyəsində
gender bərabərliyi islahatı üçün hökumət səviyyəsində vahid strategiyanın
olması, gender təşəbbüslərinin hesabatlılığı və davamlılığı təmin edən
mexanizmlər, həmçinin inklüziv siyasi qərarların formalaşmasında alətlər və dəlillər
təbliğ edilir.
Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığının
qarşısının alınması və ona qarşı mübarizə haqqında Konvensiyası (CETS № 210,
“İstanbul Konvensiyası”- 2011-ci il)
qadınlarla kişilər arasında de-yure və de-fakto bərabərliyinin bərqərar
edilməsində qadınlara qarşı gender əsaslı zorakılığın qarşısının alınmasını əsas
element kimi göstərmişdir. Konvensiyaya
görə qadınlara qarşı gender əsaslı zorakılıq dedikdə məhz qadın cinsinə mənsub olduqları üçün qadınların üzləşdiyi
zorakılıqlar (məcburi abort, qadın sünnəti) və ya kişilərlə münasibətdə
qadınların daha çox üzləşdiyi zorakılıqlar (cinsi zorakılıq, zorlama, təcavüz məqsədilə
təqib, cinsi qısnama, məişət zorakılığı, məcburi evlilik və ya məcburi
qısırlaşdırma) nəzərdə tutulur.
Avropa Şurasının gender bərabərliyinə
dair hədəflərini və prioritetlərini özündə əks etdirən “Gender Bərabərliyi
Strategiyasında (2018-2023)” gender streotipləri ilə mübarizəyə, qadınlara
qarşı zorakılığın qarşısının alınmasına, siyasi və ictimai qərarların qəbulunda
qadınların və kişilərin balanslı iştirakına nail olunmasına, bütün siyasət və tədbirlərdə
gender bərabərliyinin nəzərə alınmasına xüsusi önəm verilmişdir.
BMT-nin “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci məqsədi gender bərabərliyinə nail olmaq, həmçinin bütün qız və qadınların səlahiyyətlərini artırmağa həsr olunmuşdur. Azərbaycan Respublikası üçün prioritet hesab edilən genderlə bağlı 5-ci məqsədə aid bütün doqquz hədəfi prioritet olaraq seçmişdir. Bu hədəflər ayrı-seçkiliyin, gender əsaslı zorakılığın aradan qaldırılması, qadınların siyasi, iqtisadi və ictimai həyatda təmsilçiliyinin artırılması, qadınların ödənişsiz qayğı və işinin dəyərləndirilməsi, sosial, iqtisadi və səhiyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, gender bərabərliyi üzrə güclü siyasət və qanunvericiliyin qəbul edilməsi ilə bağlıdır.